2024-cü ildə “Aqrokimya” MMC-nin gəlirləri yüksəlsə də, xərclərin artması səbəbindən xalis mənfəəti illik müqayisədə azalıb. Şirkət 2024-cü ildə 6.7 milyon xalis mənfəət əldə etməklə 2023-cü ildən 15 faiz az olub. Halbuki, öncəki ildə 7.9 milyon manat xalis mənfəət əldə etmişdi.
Banker.az şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.
“Aqrokimya” MMC-nin əsas əməliyyat gəlirləri 2024-cü ildə 58.17 milyon manat təşkil edib. Bu, əvvəlki ilin 49.41 milyon manatlıq göstəricisindən təxminən 8.76 milyon manat və ya 18% çoxdur.
Eyni zamanda satışın maya dəyəri üzrə xərclər də əhəmiyyətli dərəcədə artaraq 36.65 milyon manatdan 46.96 milyon manata yüksəlib – bu, 10.31 milyon manat və ya 28% artım deməkdir.
Ümumi mənfəət bu dövrdə 11.2 milyon manat olub və bu da əvvəlki illə müqayisədə 1.54 milyon manat və ya 12% azalma deməkdir. Əməliyyat mənfəəti və digər qeyri-əsas gəlir və xərclər nəzərə alınaraq vergidən əvvəlki mənfəət 8.38 milyon manat, mənfəət vergisi isə 1.68 milyon manat təşkil edib.
“Aqrokimya” bu xalis mənfəətin ardından kapitalındakı bölüşdürülməmiş mənfəəti 38.5 mln. manata düşüb. Belə ki, şirkət ötən il səhmdarlara dividend ayırıb.
Aktivlərinin həcmi 83.16 mln. manat olmaqla 10 faiz artıma nail olub.
Xatırladaq ki, “Aqrokimya” MMC 2004-cü ildə yaradılıb və 10 min manat nizamanmə kapitalı var. Hazırda şirkətin 26-dan çox filial və bölgə nümayəndəlikləri mövcuddur. Azərbaycanda kənd təsərrüfatına aid dərman və gübrələrin idxalını, satışını həyata keçirir.