8 C
Baku
Wednesday, October 30, 2024

Aqroparklara 1.4 milyard manat özəl investisiya qoyulub

Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların istehsalının artırılmasında və ixrac potensialının gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) məlumat yayıb.

Hazırda respublikanın 32 rayonu üzrə 239.3 min hektar ərazidə ümumi layihə dəyəri 2.4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq fəaliyyəti, ikisi isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1.4 milyard manat özəl investisiya qoyulub. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə, dövlət tərəfindən digər dəstək tədbirləri də görülür.

Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43.9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184.2 milyon manat güzəştli kredit verilib.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4500-dək işçi daimi, 5500-dən çox işçi isə mövsümi işlərlə təmin olunub. Gələcəkdə əlavə olaraq 4700-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2022-ci ilin ötən dövründə aqroparklarda 152.4 min ton buğda, 71.4 min ton arpa, 115 min ton dən qarğıdalı, 13.7 min ton yonca, 19 min ton süd və 1.3 min ton ət istehsal olunub.

2018-2022-ci illər ərzində aqroparklarda ümumi sahəsi 8291 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2022-ci ilin ötən dövründə 819.2 ton şaftalı, 225 ton nektarin, 240 ton ərik, 323 ton gilas və s. yığılıb.

Qeyd edək ki, ölkədə mövcud olan aqroparkların idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyidir. Agentlik sənaye parkları və məhəllələrinin, eləcə də aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər