13 C
Baku
Saturday, November 23, 2024

“Bank məhsullarının hamısı risklidir”: Aqşin Əmirov

Müsahibimiz: Bank Respublika İdarə heyətinin üzvü  Aqşin Əmirov

Aqşin müəllim, Bank Respublika 2012 ilin 10 ayını keçən illərlə müqayisədə necə başa vurur? Dünya böhranından sonra hansı istiqamətlərdə daha çox canlanma hiss olunur?

aqsin2012-ci ilin 10 ayının göstəricilərinə əsasən deyə bilərəm ki, 2012-ci il Bank Respublika-nın qarşısında qoyduğu məqsədlərin yerinə yetrilməsi baxımından uğurlu il kimi qəbul edilə bilərk. Bank Respublika bu dövr ərzində öz bazar mövqelərinin möhkəmləndirilməsi istiqamətdə işlər görmüşdür. Cari ilin 10 ayı ərzində bankın aktivləri 26 faiz, kredit portfeli 25 faiz, depozit portfeli isə 24 faiz artmışdır. Bankın balans mənfəəti 11 mln manata çatmışdır. Kapital adekvatlığı 22% səviyyəsindədir ki, bu prudensial normativdən (12%) yuxarıdır. İlin sonuna kimi bütün göstəricilər üzrə artım trendi davam edəcəkdir.

Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, canlanma bankın bütün fəaliyyət istiqamətlərində müşahidə olunur. Kredit məhsullarının satışı sahəsində əhəmiyyətli canlanma vardır. Bank Respublika-nın bank bazrında ən aşağı depozit faizləri təklif etməsinə baxmayaraq, insanların bizə daha çox əmanət etibar etdiyini qeyd etməliyəm. Bank Respublika-nın tarixən güclü olduğu istiqamətlərdən biri olan əməliyyat sahəsində bizim rəqabət üstünlüyümüz daha da artmışdır.

Dünya banklarının böyük bir qismi Basel III keçidlə bağlı müzakirələr aparırlar. Azərbaycan bankları isə hələdə Basel I tələblərinə uyğun işləyir.Necə düşünürsünüz, Azərbaycan bankları Basel II tətbiqinə hazırdırlarmı və bu sistemin tətbiqi ilə banklarımız nə qazanar və nə uduzar?

Hazırki durumda kapitalı artırmağa ehtiyac varmı?

Bilirsiniz davam edən dünya böhranı Basel prinsiplərinin necə dərin boşluqlardan ibarət olduğunu göstərdi. Heç təsadüfi deyil ki, Qərbin müxtəlif mərkəzi bankları bir-birindən fərqli metod və prinsplərin üzərində işləməyə başladılar. Məsələn anti-tskilik nəzəriyyə kimi və s.

Böhran sübut etdi ki, zahirən çox gözəl təkmil formullardan ibarət bir modelin (metod) mövcüdluğu heç də onun praktikada uğurlu olmasına dəlalət etmir. Əslində bankların iri kreditlərlə yanaşması, aidiyyatı şəxlərələ münasibətləri, kreditləşmə ilə bağlı qərar qəbul etmə, problemli kreditlərin fundamental təhlili və s. bu kimi kateqoriyalarla işləmə dərəcəsi böhran zamanı bankın hansı itkilərlə üzləşməsini şərtləndirən faktorlar oldu.

Azərbaycanda tətbiq edilən uyğunlaşdırılmış Basel I tələbləri kifayət qədər mütərəqqidir və bu gün də aktualdır. Yuxarıda qeyd etdiyim kimi, bəzi bankların uğursuz olmasında Basel I yox, həmin bankların istinad etdiyi məlumatlar bazasının göstəriciləri və onlardan düzgün nəticə çıxarma qabiliyyəti mühüm rol oynamışdır.

Azərbaycan bankları Basel II hazırdılar,bir şərtlə ki, Basel II Azərbaycan banklarının biznes mühitinə uyğunlaşdırılsın.

Bankların məcmu kapitalının artırılması məsələsi hər zaman aktualdır. Bildiyiniz kimi, 2014-cü ilə kimi bankların məcmu kapitalının yeni normativ minimuma (50 mln manat) uyğunlaşdırılması prosessi gedəcəkdir. Bu bank sistemində bir neçə paralel cərəyanların getməsinə səbəb olacaqdır. Daha dəqiq desək, gələn il ərzində biz bankların bir neçə kateqoriyaya bölünməsinin şahidi olacağıq. Bir çox bank yeni normativdən yuxarı kapitala malik olduqlarına görə öz resurslarını biznesin inkişafına, bazar payının sürətlə artırılmasına yönəldəcəklər. Bu banklar bank bazarının inkişaf istqamətlərini müəyyən edəcəklər. Onu qeyd etməliyəm ki, Bank Respublika artıq 50 mln manatdan artıq kapitala, daha dəqiq desək, 60 mln manat məcmu kapitala malik olduğuna görə bu kateqoriya banklara aiddir. 2014-cü ilə kimi bu göstərici bir qədər də artacaqdır.

Deməli, Bank Respublika bu dövr ərzində aktiv şəkildə strateji inkişafla məşğul olacaq, yeni satış bazarlarına investisiyalar edəcəkdir. Bu ona çox gözəl rəqabət üstünlüyü yaradacaqdır. Digər banklar bu dövr ərzində daha çox kapital artırılmasına, resursların konsolidasiyasına üstünlük verəcəklər, yeni bizneslərə daxil olmaq, ciddi investisiyalar bir qədər ikinci plana keçəcəkdir. Başqa banklar isə bazarda qalmaq üçün müxtəlif variantları (konsolidasiya, investorun tapılması və s.) araşdıracaqlar. Mən bu prosessi müsbət qiymətləndirirəm, çünki nəticədə bank bazarı yeni mərhələyə qədəm qoyacaqdır. Bank biznesi yüksək kapital tələb etdiyinə görə, səhmdarların rentabelliyə qarşı tələbləri yüksələcəkdir. Bu isə yüksək rəqabət qabiliyyətli, dayanıqlı inkişaf edən bankların formalaşmasıa səbəb olacaqdır. Belə banklar isə bank biznesində yüksək innovasiyalara investisiyalar etmək iqtidarında olacaqlar. Nəticə etibarı ilə müştərilərə faydalı bankların sayı artacaqdır.

Son dövrlər Azərbaycan banklarından bəziləri bazara riskli məhsullar çıxarırlar (bununda müəyyən səbəbləri vardır: bir bank belə məhsullarla bazarda öz payını çoxaltmağa çalışır, digəri likvid vəsaitlərin yerləşdirilməsinin sürətli yolu kimi görür və s).

Necə düşünürsünüz, bu proseslər digər bankların fəaliyyətinə hansısa manelər yarada bilər və ümumilikdə bazarda proseslərin məcrasına necə təsirlər göstərə bilər?

Sualınıza cavab verməzdən əvvəl bildirmək istəyirəm ki, bank məhsullarının hamısı risklidir. Bank fəaliyyətinin əsası – maliyyəsi olanlardan maliyyənin toplanaraq, olmayanlara borc verilməsi özü risk prosessidir.

Mən fikirləşirəm ki, bu gün banklar çox maraqlı bir dövrdə fəaliyyət göstərirlər. Mövcüd olan bazarlarda çox güclü rəqabət vardır, yaxşı müştərilərin sayı məhduddur. Deməli bankların kreativliyi güclənməlidir, onlar risklərin idarə edilməsinə daha yaradıcı yanaşaraq bazara mövcüd və potensial müştəriləri cəlb edəcək məhsullar çıxarmalıdırlar. Bu gün bankların problemli kreditlərlə iş təcrübəsi var, onlar öz problemlərinin səbəblərini bilirlər.

Bir sıra banklar bu istiqamətlərdə işləyirlər, təbii ki, bəzi banklar öz seqmentini dəyişir, digərləri bir neçə seqmentdə fəaliyyət göstərərək risklərini diversifikasiya etməyə çalışırlar. Bütün bunların nəticəsində bank bazarında əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verir. Məhsulların satşında, müştərilərin cəlb edilməsində və onlara xidmət sahəsində yeni texnologiyalar tətbiq edilir. Bu sevindiricidir. Əgər iqitisadiyyat inkişaf edirsə, bank sistemidə inkişaf etməlidir, bu onların mahiyyətindən irəli gəlir. Bu gün 10 – 15 il ərzində mövcüd olmasına baxmayaraq, həcmcə çox kiçik olan və texnoloji cəhətdən geridə qalan bank müştəriyə maraqlı deyildir. Müştəri bankdan yeniliklər gözləyir, ona maliyyə rahatlığı verən bankı arzulayır. Banklar dəyişikliklərə açıq olmalıdırlar, tez dəyişməlidirlər. Yüksək rəqabət şəraitində çevik dəyişikliklər apara bilən, onun incəliklərini nəzərə alan unikal strategiyası olan banklar qalib çıxacaqlar.

Bank Respublikanın inkişaf planında prioritet məsələlər hansılardır? (regionlara ekspansiya, portfelin artımı və s. ) Niyə görə prioritet məhz o istiqamətlər seçilib?

Bank Respublika – nın əsas proriteti müştərilərə faydalı olmaqdır, təkrar müştərilərin məmünluğu səviyyəsini yüksək tutmaqdır. Bundan əlavə, bankın qarşısında duran proritet məqsədlər var – kredit portfelinin dayanıqlı artımını təmin etmək, kreditlərin keyfiyyət səviyyəsini məqbul səviyyədə saxlamaq, hər bir müştəryə daha çox bank məhsulları təqdim etməklə, onun maliyyə ehtiyyaclarını tam ödəmək, bank-müştəri münasibətlərini yüksək texnoloji səviyyəyə keçirmək, regionlarda olan filial şəbəkəsinin səmərəliliyini artırmaq və s.

Araşdırmalar göstərir ki, Azərbaycanda bankların inkişafı üçün hələ kifayət qədər potensial vardır. Azərbaycanda cavanların xüsusi çəkisinin yüksək olması və əhalinin dünyagörüşünün artması innovasiyalar üçün imkanlar açır. Bank Respublika bu cür faktorlara əsaslanaraq, öz inkişaf strategiyasını yeniləyir. Biz bazarda ön plana keçən yaradıcı rəqabətdən çəkinmirik, əksinə bu rəqabət Bank Respublika – nın resurslarını, potensialını istifadə etmək üçün gözəl imkandır. Yeni şərait Bank Respublika-nın 20 illik tarixində yeni bir inkişaf mərhələsinin açılmasına səbəb olacaqdır.

Azərbaycan bank risklərinin idarə olunması sahəsində sayılıb seçilən şəxslərdən birisiniz – bank risk menecerlərinə Azərbaycan bank sferasında hansı risklərə daha çox diqqət yetirməyi tövsiyyə edərdiniz?

Mən hər zaman risk menecerlərlə danışarkən bir məsələni xüsusi vurğulayıram. Risk menecerlər yaradıcı insanlar olmalıdırlar. Onlar hər zaman risk menecmentə müxtəlif riyazi hesablamalar toplusu kimi yox, daha çox yaradıcı bir iş kimi baxmalıdırlar. Onlar mürəkkəb hesablamaları, öz analitik beynlərində emal edib, strateji nəticələr çıxarmalıdırlar. Risk menecerlər bankın məhsulyaratma və satış prosessində aktiv iştirak etməlidirlər. Onlar prosesslərin qarşısını kəsməməli, əksinə onu idarə etməklə riskləri azaltmalıdırlar. Məhz buna görə mən risk menecerlərə daha çox strateji risklərə diqqət yetirməyi, hər bir riskin (istər kredit, istər imic, istərsə əməliyyat riskləri) strateji əhəmiyyətini, bankın strateji hədəflərinə çatması baxımından qiymətləndirilməsini tövsiyyə edərdim.

Təşəkkür edirik!

Son xəbərlər
Digər xəbərlər