2022-ci ilin 7-11 fevral tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil olunmuş epizootoloji monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 46 baş müxtəlif növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, bu müddətdə Bakı şəhəri, Abşeron, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Masallı, Cəlilabad, Beyləqan və İmişli rayonlarındakı 12 sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisəsində 120 baş quşdan, Bakı şəhəri, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ 353 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Çöl və ev quşlarından götürülmüş nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində YPQQ xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.