8 C
Baku
Sunday, November 17, 2024

AQTA sədri: “Ərzaq qıtlığı real təhlükəyə çevrilir”

5 sentyabr 2022-ci il tarixində Bakıda Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC – International Plant Protection Convention) Avropa və Mərkəzi Asiya üçün regional tədbiri öz işinə başlayıb. Tədbir “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunub.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional ofisi, Azərbaycan ofisi, IPPC, EPPO və üzv ölkələrin nümayəndələri, o cümlədən, IPPC katibi Osama El-Lissy, EPPO-nun baş direktoru Nico Horn, FAO-nun nümayəndəsi Melek Çakmakın da iştirak etdiyi tədbir paralel olaraq Fransanın Paris şəhərinə birbaşa bağlantı formatında həyata keçirilir.

Tədbirdə AQTA sədri Qoşqar Təhməzli çıxış edərək bildirib ki, müasir dövrdə bəşəriyyətin qlobal problemlərindən və vəzifələrindən biri əhalinin ərzaq məhsulları ilə etibarlı və dayanıqlı təminatını həyata keçirməkdən ibarətdir. Hazırda dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ərzaq çatışmazlığının və aclığın aradan qaldırılması istiqamətində geniş işlər görülür. Buna baxmayaraq, son illər enerji daşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir.

AQTA sədri bildirib ki, qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır. Fitosanitar riski yüksək qiymətləndirilən həmin virus və bakteriyalar məhsulların iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, 40-80%-ə qədər məhsul itkisinə səbəb olur. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir.

Qeyd edək ki, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya 1951-ci ildə İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının VI konfransında qəbul olunub. Azərbaycan 14 mart 2000-ci il tarixindən etibarən bu konvensiyaya qoşulub. Konvensiyanın katibliyi üzv ölkələr arasında bitki resurslarının mühafizəsi və təhlükəsiz ticarətin təmini sahəsində informasiya mübadiləsinə kömək edir. Katibliyin üzvləri, həmçinin beynəlxalq standartların hazırlanması və tətbiqinə yardım göstərir, tərəflər arasında münaqişələrin həllində iştirak edir.

Son xəbərlər
Digər xəbərlər