12 C
Baku
Sunday, November 24, 2024

AQTA Ukraynadan da məhsul idxalı ilə bağlı xəbərdarlıq etdi, məhdudiyyət qoyulacaq

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam edir.

Banker.az xəbər verir ki, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu Agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.

Bununla əlaqədar, Ukrayna Respublikasının səlahiyyətli dövlət qurumuna bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, 2023-cü il avqustun 1-dən quş əti məhsullarının istehsalı ilə məşğul olan, 2023-cü il sentyabrın 1-dən isə heyvan mənşəli digər məhsulların istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida müəssisələrinin məhsullarının idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.

AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər