AQTA və Dövlət Turizm Agentliyi də cərimə edə biləcək: Karantinlə bağlı yeni səlahiyyət

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana dəyişiklik edib.

Banker.az bildirir ki, bununla bağlı bu gün imzalanan fərmanda qeyd edilib.

Həmin 2015-ci ildə imzalanan bu fərmanın 5.6-2 bəndində epidemiya “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsində (211) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Dövlət Turizm Agentliyi baxır.

Qeyd edək ki, buna qədər bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxırdı.


Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması

211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.