Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsinə start verib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, proses “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə hazırlanan və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilir. Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır.
İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar [email protected] elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.
İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar (012) 377-00-20/21 nömrəli telefona zəng edə bilərlər.
Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilən işlər, o cümlədən risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirilən ictimai iaşə obyektləri barədə aylıq hesabatlar AQTİ-nin rəsmi saytında (www.afsi.gov.az) yerləşdiriləcək. Müvafiq sertifikat almış obyektlər İnstitutun təklif etdiyi xidmət və imkanlardan da yararlana biləcəklər.