11 C
Baku
Monday, November 25, 2024

“Araz Vadisi İqtisadi Zonası”na investisiyalar ₼33 mln. məbləğində qiymətləndirilir

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına ümumi investisiya qoyuluşu 32,6 milyon manat məbləğində qiymətləndirilir, artıq 10 milyon manat investisiya yatırılıb. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov deyib.

“Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 rezidenti və 1 qeyri-rezidenti var. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 10 milyon manat investisiya yatırılıb”, – deyə Adıgözəlov bildirib.

O vurğulayıb ki, hazırda Sənaye Parkında bir şirkət – “Avto Lizinq Azərbaycan” MMC fəaliyyət göstərir. “Bir neçə müəssisənin də 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır. Bu layihələrin həyata keçirilməsi 420 yeni iş yerinin yaradılmasına imkan verəcək”, – deyə sədr müavini qeyd edib.

Adıgözəlov əlavə edib ki, hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən 5 layihəyə baxılır.

Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkı 200 hektar ərazini əhatə edəcək. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.

Son xəbərlər
Digər xəbərlər