Azərbaycan Mərkəzi Bankının elektron pul təşkilatı “PulPal” MMC-nin direktoru vəzifəsini tərk edib. Banker.az xəbər verir ki, bu, Mehriban Əlizadədir.
2024-cü ilin yanvarından xanım Əlizadə bu vəzifəni daşıyırdı. Buna qədər müvafiq vəzifədə Emin Sultanov olub.
Maraqlıdır ki, Mehriban Əlizadənin şirkəti tərk etməsi ard-arda cərimələri və məcburi göstərişləri ardından baş verib.
“PulPal” MMC 24 iyul 2024-cü ildə Mərkəzi Bankdan lisenziya əldə edib, lakin bir il bu şirkət üçün bir qədər ağır keçib. Ötən il ərzində həm hüquqi araşdırmalar, həm də tənzimləyici nəzarət tədbirləri ilə gündəmdə olub.
17 fevral 2025-ci il tarixində Baş Prokurorluq internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkili və əldə edilmiş vəsaitlərin leqallaşdırılması faktı üzrə cinayət işi başlandığını açıqlayıb. Məlumata görə, istintaq materiallarında 2022-ci ildən etibarən “Paysis” MMC və “PulPal” MMC-nin rəhbəri Samir Nəsibovun adının hallandığı, onlayn qumar fəaliyyəti nəticəsində əldə edilən vəsaitlərin müxtəlif elektron pul kisələri və bank kartları vasitəsilə dövriyyəyə buraxılması ilə bağlı əsaslı şübhələrin müəyyən edildiyi bildirilib.
17 aprel 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən “PulPal” MMC-də aparılmış plandankənar yerində yoxlama zamanı yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və əməliyyatlar barədə dolğun məlumatların təqdim olunmaması ilə bağlı şirkətə münasibətdə təshih tədbirlərinin tətbiq edildiyi açıqlanıb. Qərar “Mərkəzi Bank haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunların müvafiq maddələrinə əsasən qəbul edilib.
4 sentyabr 2025-ci il tarixində isə AMB həmin yoxlama ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsinin İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilməsi barədə qərar verib.






