8.5 C
Baku
Thursday, March 5, 2026

Ard-arda zərərlərdən sonra “Təmiz Şəhər”ın yığılmış zərəri 243.52 mln. manata qalxıb

Bakı tullantılarının idarə edilməsi üzrə fəaliyyət göstərən dövlət müəssisəsi “Təmiz Şəhər” ASC 2024-cü ili 1.67 mln. manat xalis zərərlə başa vurub. Şirkət 2023-cü ildə 19.93 mln. manat xalis zərər açıqlamışdı.

Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin hesabatında qeyd edilir.

Təqribən iki il ərzində hesabat təqdim olunmayıb və tələb olunan müddətdən bir il gecikmə ilə ictimaiyyətə açıqlanıb. Hesabata baxdıqda, sənəd 2025-ci ilin sentyabrında İdarə Heyəti tərəfindən imzalanmasına rəğmən, rəsmi səhifəyə yalnız 2026-cı ilin martında yüklənib. Hesabat cəmi 4 səhifədən ibarətdir, onlardan yalnız iki səhifə balans və xalis mənfəətə həsr edilib, bu isə sənədin müfəssəl təhlilinə imkan vermir.

İndi qayıdaq hesabata. Verilən məlumatlara əsasən, şirkətin yığılmış zərəri 243.52 mln. manata yüksəlib. Eyni zamanda, cəmi kapital 55.97 mln. manat təşkil edib. Səhm kapitalının 9.15 mln. manat olmasına rəğmən dövlət tərəfindən əlavə 232.25 mln. manat kapital və 58.09 mln. manat investisiya hesabına dövlət qurumunun kapitalı kəsirlə deyil.

2024-cü ildə şirkətin gəlirləri 41.58 mln. manat olub. Bu göstərici əvvəlki ildəki 33.40 mln. manat ilə müqayisədə artım deməkdir. Hesabat dövründə əməliyyat xərcləri 35.86 mln. manat təşkil edib və əvvəlki ildəki 50.02 mln. manat səviyyəsindən xeyli azalıb. Bununla belə, zərərin formalaşmasına əsasən debitor borcları üzrə ehtimal olunan kredit zərərləri (5.55 mln. manat), əmlak və avadanlıqların dəyərsizləşməsi üzrə zərər (2.13 mln. manat) və maliyyə xərcləri (0.24 mln. manat) təsir göstərib.

2024-cü ilin sonuna şirkətin cəmi aktivləri 60.86 mln. manat təşkil edib. Bu göstərici 2023-cü ilin sonundakı 53.63 mln. manat ilə müqayisədə artım göstərir.

Son xəbərlər
Digər xəbərlər