Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasətini təsdiqləyib.
Banker.az-ın məlumatına görə, sənədə əsasən, gələn il fondun pulları iki istiqamətdə xərclənəcək Bunlar məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi və dövlət büdcəsinə köçürmələrdir. Fondun vəsaitinin başqa layihələrə və istiqamətlərə xərclənməsi nəzərdə tutulmayıb.
Gələn il Fondun investisiya portfelinin proqnozlaşdırılan ümumi həcmi 67,4 milyard manata bərabər götürülür.
Fondun investisiya portfelində baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olmalıdır. Bir şərtlə ki, bu aktivlərin
– 50 faizi ABŞ dollarında,
– 35 faizi avroda,
– 5 faizi İngiltərə funt sterlinqində,
– qalan 10 faizi isə digər valyutalarda olacaq.
Fondun investisiya yatıracağı alətlərə gəlincə, portfelin
– 55 faizi borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) və aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla,
– 25 faizi səhm portfeli (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları olmaqla),
– 10 faizə qədəri daşınmaz əmlaka – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin (daşınmaz əmlak və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları daxil olmaqla),
– 10 faizə qədəri qızıla– yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla yerləşdirilməlidir.
Sənədə əsasən, Neft Fondunun investisiyalarının gəlirliyi ilə bağlı hədəf (bençmark) olaraq müvafiq valyuta üzrə 6 aylıq LIBOR, avrodakı alətlər üçün isə 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür.
LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər.
Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes əsas götürülür.
Sənədə əsasən Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddəti 48 aydan artıq olmamalıdır.
Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.
Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.
Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor’s, Fitch və ya Moody’s) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.
Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.