Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin gəlirləri 10 676,4 mln. manat həcmində nəzərdə tutulur. Bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 137,5 mln. manat və ya 1,3% azdır.
Bu barədə maliyyə naziri Samir Şərifov bu gün parlamentin 5 komitəsinin birgə iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı bildirib.
Qeyd olunan məbləğin 9 723,8 mln. manatı və ya 91,1%-ni mənfəət neftinin və qazın satışından daxilolmaların təşkil edəcəyi gözlənilir.
Fondun 2018-ci il büdcəsinin xərcləri 11 986,5 mln. manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 3 223,9 mln. manat və ya 21,2% azdır.
ARDNF-in xərclərinin 9 216,0 mln. manatı və ya 76,9%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 754,3 mln. manatı və ya 23%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, bir sıra enerji layihələrində Azərbaycanın iştirak payı), 16,2 mln. manatı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.
2018-ci ildə Dövlət Sosial Müdaifə Fondunun gəlirləri 3 578,76 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 400,71 mln. manat və ya 12,6%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 182,66 mln. manat və ya 5,4% çoxdur.
Fondun xərclərinin gəlirləri qədər (3 578,76 mln. manat) olacağı nəzərdə tutulub ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 385,39 mln. manat və ya 12,1%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 89,48 mln. manat və ya 2,6% çoxdur.
Əvvəlki illər üzrə müvafiq qanunlarda əmək pensiyalarının baza və sığorta hissəsi üzrə ödəmələr ayrıca qeyd edilsə də, “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişiklliklərə müvafiq olaraq əmək pensiyalarının baza hissəsi ləğv edildiyi üçün qanun layihəsində əmək pensiyalarının ödənilməsi xərcləri ümumi şəkildə əks etdirilib.
Əmək pensiyalarının ödənilməsinə 2016-cı ilin müvafiq icra göstəricisindən 364,16 mln. manat və ya 12,0%, 2017-ci ilin proqnoz göstəricisindən 193,18 mln. manat və ya 6,0%, gözlənilən icra göstəricisindən isə 109,0 mln. manat və ya 3,3% çox olmaqla əhaliyə ödənişlər üzrə xərclərin 3 407,0 mln. manatı və ya 97,5%-i qədər vəsait xərclənəcək.