Hazırda xarici ölkələrdə yerləşən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) məxsus olan ofis və ticarət komplekslərin dəyəri 1 477,6 mln. ABŞ dolları təşkil edir.
“APA-Economics”in ARDNF-a istinadən verdiyi məlumata görə, Fond 2012-ci ildən etibarən Avropanın London, Moskva, Paris, Milan kimi bir sıra önəmli şəhərlərində, eləcə də Asiyada Seul və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatırıb.
Buna baxmayaraq, bu yaxınlarda fond ARDNF 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 milyon avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satıb.
Hazırda fondun investisiya portfelinə Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177,4 milyon ingilis funt sterlinqi (285,6 milyon ABŞ dolları) təşkil edən ofis kompleksi; Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi; Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro (180 milyon ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi; Seul şəhərinin 203 Euljiro2-ga, Jung-gu ünvanında yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksi və Tokio şəhərinin Ginza rayonunda, Çou avenyuda yerləşən və dəyəri 52,3 milyard yapon yeni (432 milyon ABŞ dolları) təşkil edən Kirarito Ginza ticarət obyekti daxildir.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.
Qeyd edək ki, bu ilin sentyabrın 30-na ARDNF-in cəmi investisiya portfeli 42 524,30 mln. manata çatıb.