Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 16,9% artaraq 70 161,7 milyon ABŞ dolları təşkil ediub.
Banker.az bunu ARDNF-in rüblük hesabatına istinadən xəbər verir.
Əsas maliyyə göstəriciləri (yanvar-sentyabr 2025):
- Ümumi aktivlər: 70,2 milyard ABŞ dolları (+16,9%)
- Ümumi gəlirlər: 13 073,5 milyon manat
- Ümumi xərclər: 10 917,8 milyon manat
- Neft-qaz gəlirləri: 7 837,7 milyon manat
- İnvestisiya gəliri:5 235,7 milyon manat
- Büdcədənkənar gəlir:15 066,1 milyon manat
- Dövlət büdcəsinə transfert:10 860,8 milyon manat
Neft-qaz gəlirləri
2025-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 837,7 milyon manat olmuşdur, o cümlədən:
- mənfəət neftinin və qazın satışından 7 068,8 milyon manat,
- bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat,
- akrhesabı ödənişlər 3,6 milyon manat.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 697,0 milyon manat məbləğində vəsait daxil olmuşdur.
İnvestisiya və büdcədənkənar gəlirlər
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 5 235,7 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 15 066,1 milyon manat təşkil etmişdir.
Dövlət büdcəsinə transfert və xərc istiqamətləri
Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 860,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam edən layihələrə 34,3 milyon manat yönəldilmişdir, o cümlədən:
- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat,
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1 milyon manat.
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil etmişdir.
Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 350,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.