Ölkədə illik inflyasiya səviyyəsinin 54,7 faizə yüksəlməsi ilə bağlı təcili tədbirlər görmək məcburiyyətində qalan hökumətin qərarı ilə bir sıra malların qiymətləri altı ay müddətinə dondurulub, eləcə də ilin sonuna qədər dəyişməz faizlərlə yeni kredit limitləri müəyyənləşdirilib.

Argentinada təkcə mart ayında inflyasiyanın 4,7 faiz artması hökuməti qiymətləri tarazlaşdırmaq və istehlakı artırmaq istiqamətində iqtisadi tədbirlərə əl atmağa vadar edib. İqtisadi tədbirlər planı paketinə əsasən, hökumət 16 şirkətlə xalqın zəruri ehtiyaclarını əhatə edən 60 məhsulun qiymətlərini yarım il boyunca dəyişməz saxlaya bilmək üçün razılaşma əldə edib. Siyahıda yağ, düyü, un, əriştə, süd, qatıq, qənd, çay, konserv məhsulları, mürəbbə, alkoqolsuz içkilər yer alır. Aparıcı şirkətlər 2.500 satış nöqtəsində məhsulları hazırkı qiymətlərlə satacaqları barədə öhdəlik götürüblər. Milli sosial müdafiə qurumu geyim, elektrik, səyahət, turizm, ev əşyaları və inşaat mallarına ehtiyacı olan 18 milyon insan üçün 10-25 faiz arasında endirim etmək barədə satıcı tərəflərlə razılığa gəlib. Bu endirimdən təqaüdçülər, məcburən təqaüdə çıxanlar, yaşlılar, işsizlik müavinəti ilə dolanan insanlar faydalanacaq.

Argentinanın Vergilər Nazirliyi bütün vergi ödəyicilərinin öz borclarını əvvəlki tələblərdən daha aşağı səviyyədə və uzun müddətə nizamlaya bilmələri üçün yeni bir ödəmə sxemi üzərində iş aparır. Kiçik və orta sahibkarlıq subyektləri üçün ayda 2,5 faiz dərəcəsi ilə 60 dəfəyə qaytarmağı nəzərdə tutan yeni kreditlər açılacaq. Bankların ticarətçilərdən 1-2 faizdən artıq komissiya haqqı tələb etməsinə icazə verilməyəcək.

©Vergilər.az