Argentinada oktyabrda qiymət artımı 8.3% təşkil edib, illik ifadədə inflyasiya 140%-i keçib. Bu, Respublika Statistika və Siyahıyaalma İnstitutunun bazar ertəsi dərc etdiyi məlumatlardan irəli gəlir.
“İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2023-cü ilin oktyabr ayında 8.3%, yığılmış [ilin əvvəlindən] artım 120% təşkil edib. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 142.7% təşkil edib”, – hesabatda deyilir.
Sentyabr ayı ilə müqayisədə Argentinada inflyasiya səngiyib. Ötən ay bu, 12.7% idisə, avqustda da göstərici 12%-i keçib. Bununla belə, Argentina, Venesuela Maliyyə Observatoriyasının məlumatına görə, oktyabr ayında qiymətlərin 6.7% artdığı Venesuelanı ötərək regionda ən yüksək aylıq inflyasiyaya malik ölkə olaraq qalıb.
Hesabatı tərtib edənlərin məlumatına görə, oktyabrda ən çox (12.6%) rabitə xidmətlərinin qiymətləri artıb. Ondan sonra geyim (+11%) və məişət elektrik cihazları (+10.7%) gəlir. Ərzaq qiymətləri 7.7% bahalaşıb.
Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2022-ci ilin sonunda qiymət artımı 94.8%, 2021-ci ildə 50.9%, 2020-ci ildə 36.1% olub.