12 C
Baku
Monday, April 15, 2024

Arif Rəhimov “Formula 1”-in xərclərindən danışdı

Məlum olduğu kimi, 23-25 iyun tarixlərində Bakı ikinci dəfə “Avtoidmanın kraliçası”na ev sahibliyi edəcək. “Baku City Circuit”un (BCC) icraçı direktoru Arif Rəhimov Azərbaycanda “Formula 1” yarışlarına çəkilən xərclərdən danışdı. Bu barədə haqqin.az xəbər verir.

“2016-cı ildə pit-stop binanın ucaldılmasına və yolun hazırlanmasına 80 milyon dollar sərf edilib. Bu və gələn il quraşdırma və sökülmə işlərinə 15 milyon dollar sərf edəcəyik”, – Arif Rəhimovun sözlərini “Sport360” sitat gətirib.

BCC rəhbəri xatırladıb ki, asfaltın çəkilməsinə keçən il 12 milyon dollar xərclənib.

“Şəhər yolları elədir ki, burada öncədən xərcləri proqnoz etmək çətindir”, – Arif Rəhimov əlavə edib.

O bildirib ki, Bakıda “Formula 1”-i keçirməzdən öncə ciddi dəyərləndirmə işi aparılıb.

“Biz Azərbaycan iqtisadiyyatını stimullaşdırmaq, turizmi inkişaf etdirmək və ölkəmizi dünyada məşhur etmək üçün nə edə biləcəyimizi düşünürdük. Hesablamalar aparıldı və birlikdə “Formula 1”-in bu yolda doğru istiqamət olduğu qərara alındı”.

Dövlət dəstəyi alındıqdan və lazımi vəsait ayrıldıqdan sonra yarışın hansı trasda keçiriləcəyi barədə müzakirələr başladı.

“Biz “Formula 1” üçün trasları dizayn edən alman dizayneri German Tilke ilə əməkdaşlığa başladıq. “Formula 1” ilə müqavilə imzalamadan öncə, trasa dair ideyalar təqdim etmək lazımdır. Bu səbəbdən də müqaviləyə imza atmazdan 6 ay öncə bizdə trekin ilkin layihəsi var idi”, – A.Rəhimov sözünə davam edib.

Tilke bu minillikdə “F1” təqviminə daxil olan bütün trasların dizayneri olması ilə məşhurdur. Bununla yanaşı şəhər şəraitində trası planlamaq daha mürəkkəbdir.

“Azərbaycanlılar mənə yarışı Bakıda keçirmək istədiklərini bildirdilər, – Tilke xatırlayır. – Daha sonra onlar yarışı bu küçələrdə keçirmək olarmı deyə soruşdular. Tras tikmək üçün boş torpaq sahəsinin olması başqa məsələdir, amma əgər söhbət olan şəraitə uyğunlaşmaq lazım gələn şəhərdən gedirsə bu artıq tam başqa məsələdir. Əlbəttə bu mühəndis və dizaynerlərdən ibarət böyük komandanın işi idi. İdeya qəbul edildi və detallar üzərində işləmək lazım idi. Hər zaman həll edilməsi tələb olunan çoxsaylı problemlər meydana çıxır. Şəhər şəraitində binanı sökə bilməzsiniz”.

“Formula 1” rəhbərliyi ilə müqaviləni Azərbaycan “5+5” sxemi üzrə 10 il müddətinə imzalayıb. Bu isə o deməkdir ki, ölkə 2020-ci ildən sonra yarışların keçirilməsindən imtina edə bilər.

Azərbaycanın yarışların keçirilməsi hüququnu əldə etmək üçün “Formula 1”-in rəhbərliyinə ödədiyi məbləğ rəsmi olaraq açıqlanmır. Müxtəlif mənbələrdə rəqəmlər 40 milyondan 80 milyon avro arasında dəyişir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər