Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.
Bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. R.İbrahimov bildirib ki, B. Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirmədiyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib:
“Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma 3 istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb”.
R.İbrahimov qeyd edib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvini tələb edib:
“Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokollar təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Həmin protokollardan sadəcə doqquz ədədi orijinal protokollarla eynilik təşkil edir”.
Bildirilib ki, həmin dairənin 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradan faktlar var. Qərara alınıb ki, bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın. Qeyd edək ki, həmin dairənin lider namizədi Nigar Arpadaraidir.
Oxu.az