İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev avqustun 7-də Özbəkistanın “AKFA Group” şirkətlər qrupunun nümayəndələri ilə görüşüb.
Görüşdə tərəflər Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, investorlar və ixracatçılara təklif olunan imtiyazlar, o cümlədən logistikanın subsidiyalaşması, vergi güzəştləri və hazırlıq mərhələsində olan digər stimullaşdırıcı mexanizmləri müzakirə ediblər.
“AKFA Group”un baş icraçı direktoru Bahadır Abdullayev konqlomerata daxil olan “Artel” şirkətinin Azərbaycanda potensial investisiya layihələrinin reallaşdırılması çərçivəsində ilkin olaraq məişət texnikası istehsalı müəssisəsinin inşasında maraqlı olduğunu diqqətə çatdırıb.
Y.Abdullayev agentliyin şirkətə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Özündə tikinti materialları, məişət və elektrik məhsulları istehsalçılarını, eləcə də turizm, təhsil və tibb sektorunda fəaliyyət göstərən şirkətləri birləşdirən “AKFA Group” holdinqi Özbəkistanda alüminium və plastik profillərin ən böyük istehsalçısı və ixracatçısıdır. Bazarda 23 il fəaliyyət göstərən konqlomerat Azərbaycan da daxil olmaqla 2022-ci ildə 35 ölkəyə 210 milyon ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.