Sülh müqaviləsi imzalanandan sonra, məncə, biz Ermənistan bazarlarında daha çox Azərbaycan məhsullarının satılmasının şahidi olacağıq.
Bunu VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, artıq bəzi Azərbaycan məhsullarının üçüncü tərəf vasitəsilə Ermənistan bazarında təmsil olunması müşahidə edilib:
“Eyni zamanda, Ermənistan bazarında geniş şəkildə Türkiyə şirkətlərinin məhsullarına rast gəlinir. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından dəfələrlə güclüdür, çox çeşidlidir. Münaqişədən əvvəl də Ermənistanda Azərbaycan məhsulları həmişə aktiv satılıb. Münasibətlər tənzimlənəndən sonra hər iki ölkənin bazarlarında bir-birinin məhsullarının təmsil olunması adi bir hala çevrilə bilər”.
T.Mirkişili Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyün Azərbaycana nələr vəd etməsindən də söz açaraq bildirib ki, bu, yerli sahibkarlar üçün müəyyən çağırışlar yaradacaq:
“Bizim sahibkarlar onsuz da bu və ya digər formada xarici məhsul və xidmətlərlə rəqabət aparmaqdadırlar. Dünyada ən ucuz məhsul olan Çin məhsulları və ya digər məhsullar ilə bizim bazarda rəqabət aparırlar. Bir çox ÜTT üzvü olan ölkələrlə bizim rüsumsuz və ya azad ticarət rejimlərimiz var. Təbii ki, ÜTT-yə üzvlük yerli sahibkarlar üçün müəyyən çağırışlar yaradacaqdır. Amma hesab edirəm ki, sahibkarlarımız də bu imkandan istifadə edib daha çox iqtisadi fayda əldə edə bilərlər”.
O hesab edir ki, iqtisadiyyatdakı inkişaf və böyüməni nəzərə alaraq ÜTT-də üzvlüklə bağlı danışıqları sürətləndirmək doğru addımdır:
“İqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı və böyüməsi, ixrac imkanlarımızın artması, ölkədə sahibkarların rəqabət aparmaq imkanlarının güclənməsi və iqtisadiyyatda gedən şəffaflaşma Azərbaycanın xarici bazarlara daha aktiv çıxmasına imkan yaradır, xarici biznes subyektləri ilə uğurlu rəqabət aparmaq imkanlarını artırır. Daha əlverişli şərtlər əldə etmək baxımından danışıqların ağır getməsi həm də texniki məsələdir. Xarici bazarlara çıxış imkanlarımızın artırılması isə qarşıda duran əsas məsələlərdən biridir. Bu yeni reallıqlar öz iqtisadi potensialımızı reallaşdırmaq və əlverişli əməkdaşlıq imkanları tapmaq üçün Azərbaycanın ÜTT-yə üzvlüyünü aktuallaşdırmaqdadır”.
T.Mirkişili vurğulayıb ki, Azərbaycan ÜTT-yə üzvlüklə fiziki məhdudiyyətlərlə üzləşməmək kimi bir sıra dividendlər qazanacaq: “İxrac imkanlarımızı reallaşdırmaq üçün xarici bazarlara daha asan daxil olmaq, fiskal məhdudiyyətlərlə üzləşməmək, xarici investisiyaların cəlb edilməsi üçün daha əlverişli platformaya sahib olmaq, texnologiyaların mübadiləsini asanlaşdırmaq, rəqabət mühitini qlobal etməklə yerli şirkətlərin inkişafına nail olmaq – bunlar əsas hədəflər və dividendlərdir”.