Müsahibimiz: Harvard Kennedi Məktəbinin məzunu Mətin Kərimli
Salam Mətin bəy, ilk öncə müsahibə üçün təşəkkürümü bildirirəm və icazənizlə ilk sualıma keçmək istərdim.
Mətin bəy, Harvardda təhsil çoxlarının ən ülvi və əlçatmaz arzusudur, bu arzunu necə gerçəkləşdirə bildiniz?
Qısa cavabım- Arzularımı planlaşdırdım. İcazənizlə, cavabımı bir qədər açıqlamaq istərdim. Harvard Kennedi Məktəbinə müraciət ani verilmiş qərar deyildi və mən ən azı 3-4 il ondan əvvəl bu universitetdə təhsil alacağıma qəti qərar vermişdim. Bunun üçün isə, uyğun vaxt, şərait və imkanların olması lazım idi. Bilirdim ki, Harvardda yüksək rəqabətə əsaslanan seçim prosesi mövcuddur. Mənim üçün əsas sual bu idi- Harvardın axtardığı ideal namizəd kimdir? Bunun üçün bir neçə il ərzində hər gün də olmasa, hər həftə məktəbin bütün internet resurslarını, dərc olunan məqalələri, tələbələr və məzunlar haqqında məlumatları, onların peşəkar keçmişini, keçirilən tədbirlər barədə məlumatları çox diqqətlə izləyirdim.
Sadə, lakin həlledici bir məqsədim var idi: Harvard Kennedi Məktəbini anlamaq. Bunu başa düşdükdən sonra sənədlərin hazırlanması və seçim müsahibəsindən keçmək daha çox formallıq idi. Bu o deməkdir ki, məlumat uğurun açarıdır. Nə qədər çox məlumatlı olsanız, arzularınızı bir o qədər asan planlaşdıra bilərsiniz.
Bizdə olan məlumata əsasən Harvarda getməzdən öncə AR Xarici işlər nazirliyində çalışmışınız, mümkünsə qısaca da olsa vətəndəki təhsil və iş təcrübənizi xarakterizə edərdiniz?
Təhsillə bağlı onu deyə bilərəm ki, 1995-1999-cu illərdə Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr, 1999-2002-ci illərdə isə Fransanın Strasburq Universitetində (o zaman Robert Şuman Universiteti) Avropaşunaslıq üztə magistr təhsili almışam. Bundan əlavə, Almaniya və İtaliyada uzunmüddətli peşəkar tədris və təlim proqramlarında iştirak etmişəm. Hərbi xidməti başa vurduqdan sonra, 2005-ci ildə Xarici İşlər Nazirliyində işə başlamışam. 2008-2011-ci illərdə Brüsseldə NATO-nun Beynəlxalq Katibliyində və Azərbaycanın NATO yanında Nümayəndəliyində çalışmışam.
Harvardın bütün məşhurluğuna və nüfuzuna rəğmən hamının bu universiteti seçməyə öz fərqli səbəbləri olur, sizdə bu səbəblər hansılar idi?
Əvvəl qeyd etdiyim ki, Harvard mənim ilk xaricdə təhsil təcrübəm deyildi və mən əvvəllər Fransada magistr təhsili almışdım. Birinci təhsilim daha çox 20 yaşlı gəncin hər hansı xarici ölkədə yaşamaq və oxumaq həvəsi ilə bağlı idisə, Harvardı seçməyim 30 yaşlarında olan yetkin bir dövlət qulluqçusunun dövlət idarəetməsi və menecment sahəsində dünyanın ən qabaqcıl təhsil müəssisəsində peşəkar biliklər əldə etmək planı ilə bağlı idi. Əlbəttə ki, bu planın yaranmasında Harvardın özündə yüksək təhsil, ən yaxşı müəllim heyəti, peşəkar münasibətlər qurmaq üçün geniş imkanları əhatə edən mükəmməllik brendi olması mühüm rol oynayırdı.
Hazırlıq və qəbul prosesi hansı mərhələlərdən ibarət oldu, Harvardın seçim meyarlarına cavab vermək nə dərəcədə çətindir?
Hər il müraciət edənlərin sayını nəzərə alsaq, Harvard Kennedi Məktəbi çox yüksək seçim meyarlarına malikdir. Formal tələblərə gəlincə, əlbəttə ki, bu müvafiq dil bilikləri, əvvəlki təhsil, müvafiq iş təcrübəsi, tələb olunan sənədlərin vaxtında və tam olaraq təqdim olunması və digər məsələlərdir. Ancaq iş ondadır ki, qeyd etdiyim sahələrdə çox yüksək göstəriciləri olan hər kəs Məktəbə daxil ola bilmir. Məncə, bunun əsas səbəblərindən biri odur ki, müraciət edənlər ya kifayət qədər zəngin təcrübəyə malik deyillər (o cümlədən, ictimai, sosial və ya könüllü fəaliyyətlər, yerli və beynəlxalq tədbirlərdə iştirak) ya da esselərində (inşalarında) öz peşəkar hekayətlərini (harada idim, haradayam, harada olmaq istəyirəm və Harvard təhsilim buna necə töhfə verə bilər) lazımi qaydada təsvir edə bilmirlər.
Mənim qəbul prosesi ilə bağlı təcrübəmə gəlincə, ilkin mərhələdə müraciət formasını və lazım olan sənədləri çox diqqətlə hazırlayıb təqdim etmişdim. Sonrakı mərhələdə isə Məktəbin müəllimlərindən biri ilə müsahibə oldu. Əvvəlcədən mümkün bütün suallara cavab hazırladığım üçün müsahibə vaxtı da xüsusi problemlə rastlaşmadım.
Harvardda təhsil nəzəri və praktiki baxımdan necə fərqlənir, bu universiteti unikal edən nədir? Hansı təəssüratlarınızı paylaşmaq istərdiniz?
Bildiyiniz kimi, Harvard Kennedi Məktəbi peşəkar təhsil müəssisədir və burada yalnız magistr və PhD pillələri üzrə təhsil alırlar. Bu tələbələrin də əksəriyyəti öz sahələrində müvafiq iş təcrübəsinə malik insanlardır. Yəni, siz uzun illər münaqişə zonasında işləmiş jurnalistə də rast gələ bilərsiniz, keçmiş millət vəkilinə və ya yüksək rütbəli dövlət qulluqçusuna da. Məktəbin də unikallığı məhz odur ki, akademik biliyi və peşəkar təcrübəni inteqrə edir, habelə, müxtəlif akademik nəzəriyyələrin və modellərin tədrisini məhz tələbələrin zəngin təcrübəsi əsasında təhlil edir. Harvardda müəllim yalnız tədris etmir, həm də müxtəlif qrup və fərdi tapşırıqlar, təqdimatlar, dəyirmi masalar və konfranslar vasitəsilə biliyin və təcrübənin mübadiləsini təşkil edir. Belə bir mühitin sizə maraqlı olması üçün digərlərini dinləmək kifayət etmir, siz də öz təcrübənizi və peşəkar hekayətinizi bölüşməyə hazır və həvəsli olmalısınız.
Bilirik ki, təhsiliniz maliyyələşməsi Dövlət Proqramı çərçivəsində baş verib. Eyni proqrama müraciət etmək istəyən gənclərə hansı tövsiyələriniz vardır?
Məlumdur ki, bu proqram cənab Prezidentin neft kapitalını insan kapitalına çevirmək məqsədi daşıyan strateji vizyonunun təzahürüdür. Bununla yanaşı, bir vətəndaş olaraq mənim üçün bu proqramın dəyəri ondan ibarətdir ki, Harvardda məhz öz dövlətimin ayırdığı təqaüdlə təhsil almaq qürurunu yaşayırdım və bunu yüksək səslə hər yerdə bəyan edirdim.
Çox şadam ki, bu gün Dövlət Proqramının inzibatçılığının təkmilləşdirilməsi istiqamətində addımlar atılır və qabaqcıl təcrübələr tətbiq olunur. Gənclərə tövsiyəm odur ki, proqrama müraciət etmədən öncə, seçilmiş universitetlər, prioritet istiqamətlər, seçim prosesi barədə həm Təhsil Nazirliyindən, həm də proqramda iştirak etmiş yaxınları və dostlarından dolğun məlumat əldə etsinlər.
Hazırda Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəhbərisiniz. Harvard təcrübəsi işinizdə nə dərəcə də yardımçı olur?
Qeyd edim ki, vergi qanunvericiliyi və inzibatçılığının müasir dünya standartlarına uyğun təkmilləşdirilməsi, milli vergi sisteminin beynəlxalq vergitutma sahəsində gedən proseslərə inteqrasiya olunması, eləcə də informasiya və kommunikasiya texnologiyalarının tətbiqi Vergilər Nazirliyi üçün prioritet istiqamətlərdəndir. Bu məqsədlə qeyd olunan sahələrdə mütərəqqi beynəlxalq təcrübələrin araşdırılması, vergi sahəsində çalışan ekspertlərlə peşəkar münasibətlərin qurulması, ikitərəfli və çoxtərəfli vergi əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən, mühüm tərəfdaş ölkələrlə müqavilə-hüquq bazasının formalaşdırılması üzrə davamlı tədbirlər həyata keçiririk.
Çox sevindirici haldır ki, Vergilər Nazirliyi beynəlxalq əməkdaşlıq sahəsində mühüm uğurlar əldə etməkdə davam edir. Misal olaraq, bu ilin iyun ayında keçirilmiş Avropa Vergi Administrasiyaları Təşkilatının Baş Assambleyası zamanı Vergilər Nazirliyinin MDB ölkələri arasında ilk dəfə olaraq bu təşkilatın İcraiyyə Şurasının üzvü seçilməsini qeyd edə bilərəm.
Qarşımıza qoyulan vəzifələri nəzərə alaraq, beynəlxalq əməkdaşlığı Proaktiv, Analitik, Strateji və Səmərəli yanaşma əsasında qurmağa çalışırıq. Tam əminliklə deyə bilərəm ki, fəaliyyətim zamanı Harvardda əldə etdiyi akademik və praktik bilik və təcrübə hər zaman mənə yardımçı olur.
Fikirlərimi bölüşmək imkanına və səmimi söhbətə görə Sizə təşəkkür edirəm.