Azərbaycan Mərkəzi Bankı yeni təşəbbüslə çıxış edərək, ölkənin pandemiyada resessiya yaşandığı və əhalinin gəlirlərinin azaldığı bir vaxta kasıb insanlar üçün bank xidmətlərini əlçatan etməyə çalışır. “Baza bank xidmətləri” aşağı gəlirli əhali qrupuna təqdim ediləcək.
Nağdsız ödəniş xidmətlərindən istifadə edən əhalinin sayı Azərbaycanda azlıq təşkil edir. Aztəminatlı əhali təbəqəsinin maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bir sıra ölkədə “baza bank hesabı” adlanan xidmət növü uğurla tətbiq olunur.
Artıq iki ildir ki, aşağı gəlirli əhalinin də bank xidmətlərindən istifadə üçün şərait yaradılacağı müzakirə mövzusudur. Hazırda isə AMB açıqlayıb ki, artıq bu xidmətlərin istifadəsinə başlanılıb.
Azərbaycan Prezidenti bununla bağlı 2018-ci ilin sentyabrında dövlət proqramı təsdiq edib. Bu, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”dır. Həmin proqramda qeyd edilirdi ki, pulsuz xidmət göstərilə biləcək aztəminatlı əhali qruplarının meyarları, habelə pulsuz verilə biləcək bank xidmətlərinin növləri və sayı Azərbaycan Banklar Assosiasiyası ilə bankların birgə təklifləri əsasında müəyyən ediləcəkdir.
Bəs Mərkəzi Bankın nəzərdə tutduğu “aşağı gəlirli əhali qrupu”na kimlər daxildir?
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Yəni, bu hədlərə qədər əhali aşağı gəlirli sayılır. Bu Prezident tərəfindən bu il üçün təsdiq edilən qanunda belədir.
“Baza bank xidmətləri” paketinə nə daxildir?
Mərkəzi Bankın açıqlamasına görə, baza bank xidmətlərinə bunlar daxil edilir:
– pulsuz bank hesabının açılması,
– pulsuz debet ödəniş kartının təqdim edilməsi,
– emitent bank tərəfindən ölkədaxili öz ekvayer* şəbəkəsindən nağdlaşdırma əməliyyatlarına xidmət haqqının tətbiq edilməməsi,
– elektron bankçılıq xidmətlərindən istifadə etməklə aparılan ödənişlər üzrə xidmət haqlarının tutulmaması,
– və s. güzəştlər daxil edilir.
*Ekvayrinq – bank, ticarət və xidmət obyekti ilə arasındakı əməkdaşlıq nəticəsində satışların həcmini artırmaq və müştəriyə birgə xidmət növüdür. Xidmət ekvayer-banklar, prosessinq mərkəzləri və elektron ödəmə sistemləri tərəfindən göstərilir.
Hazırda bu xidmətə isə hər hansısa bankın təşəbbüs göstərib qoşulmadığından istifadə mümkün deyil.
“Azərbaycan Mərkəzi Bankı bununla bağlı çox müsbət təşəbbüslə çıxış edib. Bu həm təqdirəlayiq və həm də zəruri bir addımdır” – deyə, bunu Banker.az-a açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyir.
E.Sadıqov deyir ki, dünya ölkələrində pandemiya, iqtisadi çətinlik, resessiya və yaxud böhran dövrlərində əhalinin gəlirləri azalır. Onun sözlərinə görə, dövlətin müxtəlif qurumları əhalinin gəlirlərinin bu azalmasını müxtəlif alətlərlə kompensasiya etməyə çalışır: “Bunun ən yaxşı yolu əhaliyə daha ucuz xidmət və məhsulların təqdim olunmasıdır. Nəticə etibariylə azalan gəlirləri bu şəkildə kompensasiya edirlər. Məsələn, nəqliyyat sektorunda tariflərin aşağı salınması, daha ucuz nəqliyyat vasitələrinin təqdim olunması, tibb xidməti sahəsində müəyyən güzəştlərə gedilməsi, tibbi sığortanın daha da genişləndirilməsi və s. bu kimi addımlardan ibarətdir.
Mərkəzi Bankın da baza bank xidmətlərinin təklif edilməsi əhalinin bank xidmətlərindən aktiv istifadəsi, həm də onların aşağı düşən gəlirlərinin kompensasiya edilməsinə hesablanıb. Misal olaraq, daxildən pul köçürülməsi (rayon və şəhərlərarası), cari hesabların açılması, debet kartların alınması və aşağı məbləğli (100 -200 manatlıq) kredit kartlarının alınmasını göstərmək olar.
Bu nağdsız ödənişlərin stimullaşdırması, bank xidmətlərinin genişlənməsi əhalinin rifahına hesablanıb”.