Asan İmzanın qiyməti niyə bahalaşır?

Avqustun 15-dən etibarən Asan İmza – mobil elektron imzanın qiymətinin birdən-birə iki dəfə yarım qalxması sahibkarlar arasında narazılıq yaradıb, BBC News Azərbaycancaya danışan sahibkarlar bildiriblər.

Asan İmza istifadəçiləri bu xidmətdən istifadəyə görə aylıq 1 manat deyil, 2,50 manat pul ödəməli olacaqlar.

Qiymətin qalxmasına səbəb kimi “xidmət xərclərinin əhəmiyyətli artımı” göstərilir.

Ekspertlər hesab edirlər ki, Asan İmzanın bahalaşması elektron xidmətlərə marağın azalmasına gətirib çıxara bilər.

Asan İmza həm sahibkarlara, həm də sadə vətəndaşlara mobil telefon vasitəsilə şəxsiyyəti təsdiqləmək, elektron xidmətlərdən yararlanmaq və sənədləri imzalamaq imkanı verir.

Sahibkarlar: “Artıq xərc”dir

Qiymətin bahalaşmasını “artıq xərc” adlandıran iş adamı Nazim Bəydəmirli yeni şirkət açarkən və yaxud təxminən ayda bir dəfə hesabat verərkən Asan İmza xidmətindən istifadə edir.

“Şirkəti qeydiyyatdan keçirən zaman, sahibkar iki “Asan İmza” almalıdır. Birini fiziki şəxs kimi, digərini isə hüquqi şəxs kimi şirkətin adından qeydiyyat sənədlərini götürən zaman. Burada təsisçi və direktorun eyni adam olub-olmamasının heç bir fərqi yoxdur”, cənab Bəydəmirli qeyd edir.

İş adamı deyir ki, bu məsələdəki incə məqam ondan ibarətdir ki, fiziki şəxs limitsiz sayda şirkət açmaq üçün bir Asan İmzadan istifadə edə bilər:

“Ancaq hesabatları vermək üçün hər şirkətin öz Asan İmzası olmalıdır. Yoxdursa, o, hesabatını verə bilməyəcək. Hər yeni Asan İmza yeni simkart və telefon deməkdir, aylıq abunəni də ora hesablayın”, o əlavə edir.

Nazim Bəydəmirli deyir ki, bu xidmətin istifadəsi hüquqi şəxslər üçün məcburidir.

Adının çəkilməsini istəməyən bir mühasib də deyir ki, “bu xidmət olmadan fiziki şəxslər hesabat verə bilir, hüquqi şəxslər isə verə bilmir”.

“Əsas gəlirsə, bilirsiniz ki, hüquqi şəxslərdən gəlir. Bu xidmətdən istifadəni Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) bəyannamələri vermək üçün tələb etmişdi. Gəlir mənbəyi kimi ortaya atılmış bir xidmətdir. Əvvəl 1 manat idi, indi 2,50 qəpiyə qaldırıblar”, o əlavə edir.

ƏƏSMN mətbuat xidmətindən bu məsələ ilə bağlı BBC News Azərbaycancaya bildiriblər ki, nazirliyin “Elektron Hökumət” portalında sığortaedənlərə təqdim etdiyi xidmətlərdən istifadə olunması üçün yalnız Asan İmzanın istifadəsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz sahibkarın Asan İmza almağa məcbur edilməsinə şərh verərkən deyib ki, “Rabitə Nazirliyinin elektron imzasından istifadə edən sahibkarı Asan İmza almağa məcbur etmək qanunsuzdur”.

Sahibkarların Asan İmzadan məcburi istifadə iddialarına cavab olaraq, Vergilər Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, nazirlik tərəfindən göstərilən əksər xidmətlər elektronlaşdırılmışdır.

“Elektron xidmət istifadəçilərini həmin xidməti təqdim edən təminatçı tərəfindən identikləşdirilməsi üçün müxtəlif təhlükəsiz giriş mexanizmlərindən istifadə edilir. Həmçinin bildiririk ki, hər bir elektron xidmətin həyata keçirilməsi üçün ayrıca inzibati reqlament təsdiq edilir ki, həmin inzibati reqlamentdə sorğunun formalaşdırılması üçün təhlükəsiz giriş tələbi (gücləndirilmiş elektron imza və ya istifadəçi kod, şifrə və parol) müəyyən olunur. Hər bir istifadəçi giriş tələbinə uyğun olaraq xidmətdən yararlana bilər.

Asan İmzanın qiyməti niyə bahalaşdı?

Təxminən iki həftə sonra bahalaşacaq Asan İmza xidməti ilə bağlı bəzi mobil rabitə şirkətləri artıq abunəçilərini məlumatlandırıblar.

Mobil rabitə şirkətlərindən biri, Azercell Telekom MMC-nin mətbuat xidmətindən BBC News Azərbaycancaya verilən məlumata görə, qiymət artımı ilə bağlı təklif Asan İmza xidmətinin birbaşa təminatçısı B.EST Solutions şirkəti tərəfindən irəli sürülüb”.

Səbəb kimi isə “xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artımı” göstərilib, Azercell-in mətbuat xidmətinin məlumatında belə deyilir.

Nar mobil kommunikasiya şirkəti bu xəbəri qeyd şəklində öz saytında, taariflər cədvəlinin altında qeyd edib. Bakcell operatoru isə xəbəri avqust ayının 3-də yayımlayıb.

B.EST Solutions şirkəti BBC News Azərbaycancaya qiymətin qaldırılmasını “iqtisadi amillər, xarici valyutanın kursundakı dəyişikliklər, Azərbaycanda müxtəlif xidmətlərin qiymətindəki artım, eləcə də təhlükəsizlik sisteminin yenilənməsində önəmli olan sistemə ümumi yükləmələrin və xarici vendorlar tərəfindən xidmətə olan xərclərin artması, xarici lisenziyaların əldə edilməsi” səbəbləri ilə izah edib.

Rəsmi qurumlar qiymət artımına müdaxilə etməlidir?

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz deyir ki, burada əsas məqam Asan İmzanın dövlət layihəsi olması və zamanında onu tətbiq edən qurumların layihəyə “xərclədikləri pulu çıxarmalarına” baxmayaraq, indi bu xidmətin qiymətinin artırılmasıdır.

“Vergilər Nazirliyi də, ASAN Xidmət də qiymət artımı prosesində iştirak etmədiklərini deyirlər. Bu zaman da belə bir sual ortaya çıxır ki, ictimai əhəmiyyət kəsb edən bir layihə üçün hansısa şirkət iki gündən bir necə özündən qiymət artırır”, cənab Gündüz deyir.

Onun sözlərinə görə, bu, “sahibkara sərf etmir və onun elektron xidmətlərə etibarını aşağı salır.

“Bu vəziyyət elektron xidmətlərin xərcinin artması və elektron xidmətdən istifadə edənlərin sayının azalmasına səbəb ola bilər”, iqtisadçı Vüqar Bayramov da belə düşünür.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi prosesə müdaxilə etməli və qiymətlərin optimallaşdırılmasına nail olmalıdır, çünki buna ehtiyac var”, cənab Bayramov əlavə edib.

Ümumiyyətlə isə cənab Bayramov hesab edir ki, “elektron ID tətbiq etməklə, Asan İmzanı ləğv etmək mümkündür”.

Rəsmi qurumlar qiymət artımı ilə bağlı nə deyirlər?

ASAN Xidmətin sözçüsü Elnur Niftəliyev BBC News Azərbaycancaya bildirib ki, “ASAN Xidmətin Asan İmza ilə bağlılığı yoxdur və qurum bu xidmətə heç bir şəkildə nəzarət etmir”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BBC News Azərbaycancaya deyiblər ki, nazirlik Asan İmza ilə bağlı heç bir şərh verə bilməz, çünki bununla bağlı onlarda məlumat yoxdur:

“Azərbaycanda şəxsiyyəti təsdiq edə bilən cəmi iki növ element var. Hər iki xidmət paralel olaraq yaradılıb, lakin hərəsinin öz auditoriyası var.

Asan İmzanın yaranması elektron imzanın populyarlığına xələl gətirmir”, – nazirliyin mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova deyir.

Xidmət rəhbəri həmçinin əlavə edib ki, elektron imzanın qiymətində dəyişiklik olmadığına görə, elektron xidmətlərin istifadəsində azalmanın olması ehtimalını nəzərdən keçirməyiblər.

Asan İmza nə üçün tətbiq olundu?

Osman Gündüz deyir ki, o vaxt “elektron imzanın infrastruku qurulmadığına görə Asan İmza tətbiq olundu”.

“Xidməti, Elektron Hökumət Portalının tələbiylə tətbiq etməyə başlayıblar və bunun səbəbi məlumat mübadiləsini təhlükəsizləşdirmək məqsədi daşıyır”, – iqtisadçı Qubad İbadoğlu belə deyir.

Vergilər Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, Asan İmza nazirlik tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı olaraq fəaliyyətə başlayıb.

“Dövlət orqanlarının informasiya sistemlərində və portallarında müraciət edənlərin təhlükəsiz qaydada identifikasiyanın həyata keçirilməsi üçün Asan imzanın tətbiqinə başlanıb”.

Elektron imza və Asan İmza nədir?

Azərbaycanda 2013-cü ildən tətbiq olunan Asan İmza elektron imzanın bir növüdür.

Ondan istifadə üçün telefon və mobil operatordan Asan İmza adıyla alınmış simkart lazımdır.

Simkart üçillikdir, elə xidmətin müddəti də. Bu müddət bitdikdən sonra xidməti və simkartı yeniləmək lazımdır.

Bu mobil imza layihəsini ASAN Xidmət hazırlayıb, B.EST Solutions şirkəti xidmət təminatçısıdır. Asan İmza mobil operatorlar vasitəsilə tətbiq edilir. Ona ümumi nəzarəti Vergilər Nazirliyi həyata keçirir.

Əgər elektron imzadan istifadə edərkən, kompüterdə hər hansı proqram yükləməsi vacib idisə də, bu xidmət növündə heç bir proqram yükləməsinə və ya mobil əlavəyə ehtiyac yoxdur.

“Olduğun yerdən cəmi bir sms-lə istənilən sənədi imzalamaq mümkündür”, Qubad İbadoğlu deyir.

Elektron imza davamlı və bütün növ xidmətlərdən istifadə üçün, Asan İmza isə maliyyə hesabatlarını yerinə yetirmək üçündür və həm də, yeni şirkət açarkən fiziki şəxslərə lazım olur.

“Elektron imza vasitəsilə bütün növ elektron sənəd dövriyyəsinə çıxış imkanı əldə etmək olur, Asan İmza ilə bu mümkün deyil”, cənab İbadoğlu bildirir.

Elektron imzanı mobilləşdirməyin səbəbinə gəlincə, iqtisadi təhlilçi hesab edir ki, bu təhlükəsizliyə hesablanmış addımdır: “Mobil imza daha təhlükəsiz ola bilər”.

Elektron imzanın operatoru isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Elektron imza və ya Asan İmza: hansı daha bahadır?

İqtisadi təhlilçi Qubad İbadoğlu deyir ki, “üst-üstə toplayanda Asan İmza daha baha başa gəlir”.

Elektron imzanın saytında yer alan məlumata görə, e-imza vətəndaşa birdəfəlik ödəmə qarşılığında 3 illik verilir. Onların istifadə haqları vətəndaş üçün 18, fərdi sahibkarlar üçün 36, hüquqi şəxslər üçün 72, dövlət qurumları üçünsə 80 manatdır.

Sahibkarlar deyirlər ki, Asan İmzanın alınması üçün birdəfəlik təxminən 25 manat (18 manat – xidmətə qoşulma haqqı, 3 manat – simkartın qiyməti və adı çəkilməyən digər xərclər) ödəyirlər və bu, sadə vətəndaşlar, fərdi və hüquqi sahibkarlar üçün eyni qiymətdir.

Bundan başqa, onlar hər ay abunə haqqı da ödəyirlər. Hazırda ayda bir manat, 15 avqustdan etibarən isə 2.5 manat.

Dövlət və yerli özünüidarəetmə orqanları əməkdaşları isə 3 il üçün birdəfəlik ödəmə kimi 54.46 manat ödəyirlər. Bu qrup aylıq ödəmədən azaddır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20 454 olub.

İstifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, ümumilikdə 146 874 “E-imza” sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.

Elektron və Asan İmza arasında qiymət fərqləri (yeni qiymətlər)

Ekspertlər deyirlər ki, elektron imzadan gələn gəlir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin büdcəsinə gedir. Nazirlik isə şərh verməkdən imtina edib.

Asan İmzadan gələn gəlirsə, “Vergilər Nazirliyi və “B.EST Solutions” şirkətinin arasında paylaşılır. Məbləğin bir qismi isə mobil operatorlara xidmət qarşılığında ödənir”. Bunu ekspertlər deyir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi BBC News Azərbaycancaya Asan İmza xidmətinin bu qurumun layihəsi olduğunu təsdiqləsələr də, qiymət optimallaşdırılmasına gedilməsə bu xidmətin əhali arasında etibarının aşağı düşməsi, Elektron ID tətbiq etməklə Asan İmzanın ləğvinin mümkün olub-olmayacağı, bu xidmətin qiymətinin 2,5 dəfə qaldırılmasının nəyə əsasən hesablanması və Asan İmzanın qiymətinin qaldırılma səbəbi, bu xidmətdən gələn gəlirin hansı qurumlar arasında paylanması barədə suallarımıza cavab verməkdən imtina edib.

Onlar bu sualların “aidiyyatı qurumlara” yönləndirilməsini məsləhət görüblər.

Dövlət statistika Komitəsinin saytında 2016-cı ilin statistik göstəricilərinə görə, Azərbaycanda orta və kiçik sahibkarlıqda 20932 şəxs hüquqi, 170763 şəxs isə fiziki şəxs kimi sahibkarlıq fəaliyyətilə məşğuldur.

Cari ilin iyul ayının 31-nə olan məlumata görə, ASXM tərəfindən 269.819 sayda şəxsi sertifikat, 252.284 sayda biznes (İş) sertifikatı və 14.259 sayda dövlət və bələdiyyə sertifikatı təqdim olunub.