26 C
Baku
Saturday, July 27, 2024

“ASAN Viza” sistemi bu yay işə salınacaq

Dünən Milli Məclisin növbədənkənar iclası keçirilib.  İclasda “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, qanun layihəsində artıq kənd təsərrüfatı kooperativlərinin 3 növü – istehsal, istehlak və istehsal-istehlak (qarışıq) kooperativlərinin fəaliyyət prinsiplərinə aydınlıq gətirilib.

Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxsdir. İstehsal kooperativlərində işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30 faizindən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz.
İstehlak kooperativi kənd təsərrüfatı məhsullarının istehsalçıları olan fiziki və ya hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və gəlirlərinin artmasına, onların iqtisadi maraqlarının müdafiəsinə yönəlmiş xidmətlərin təşkili üçün birləşməsi yolu ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. İstehsal-istehlak (qarışıq) kooperativ kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvləri istehsal vasitələri və maddi-texniki resurslarla təmin etmək, onlara iqtisadi, sosial və digər tələblərini ödəmək məqsədi ilə xidmətlər göstərmək üçün yaradılan kommersiya hüquqi şəxsdir.
Qanun layihəsində dövlətin kənd təsərrüfatı kooperasiyası sahəsində vəzifələri də əksini tapıb. Bu vəzifələrə dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək və şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişləndirilməsi daxildir. Bələdiyyələr qarşısında da yeni vəzifələr müəyyən edilib. Bələdiyyələr kooperativin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı, yarmarkaların təşkili üçün yer verməli, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir.
Qanun layihəsində kooperativ bazarların təşkili barədə maddə də yer alıb. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kooperativ bazarlar təşkil ediləcək. Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul olan istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək. Kooperativ bazarların yaradılması və onlara torpaq ayrılmasını müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcək. Kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək. Azərbaycanda kənd təsərrüfatı sahəsində kooperativlərin yaradılması könüllüdür.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
“Elm haqqında” qanun qəbul edildi
 
“Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: “Elmdə azərbaycançılıq ideologiyasının təbliği sahəsində müddəanın çıxarılması barədə təklifi məqbul saydıq. Amma azərbaycançılığın elmin prioritet istiqaməti kimi saxlanılmasında israrlıyıq. Azərbaycançılıq alimin vətəndaş kimi fəaliyyətində prioritet istiqamətdir. Heç bir sahə prinsipsiz yaşaya bilməz. Azərbaycançılıq etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanları, xalqları özündə birləşdirir”.
Layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.
Komitə sədri bildirib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər.
Qanun layihəsinə əsasən Azərbaycanda doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsi dövlət tərəfindən təmin ediləcək, habelə gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm də yaradılacaq.  Qanunun 34-cü maddəsinin 11-ci bəndinə əsasən, “Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir, həyata keçirilməsinə şərait yaradır”.
İ. Həbibbəyli bildirib ki, bu qanun kiminsə əməkhaqqının artırılmasına xidmət etmir: “Bu qanunda dövlət büdcəsindən maliyyələşmə ilə bərabər, proqram maliyyələşməsi, qrantlar, sahibkarlıq maliyyələşməsi və digər bir sıra maliyyələşdirmə mexanizmləri əksini tapıb. Elm müəssisəsinin özünü maliyyələşdirməsi olmayan bir məsələ haqqında danışmaqdır. Ancaq sadaladığım mexanizmlər elm müəssisələrinin özlərini maliyyələşdirmələrində mühüm rol oynayacaq”. Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.
Miqrasiya Məcəlləsinə “ASAN viza” ilə bağlı müddəalar əlavə edildi
 
Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Miqrasiya Məcəlləsinə əlavə edilən  37.12-ci maddəyə görə, Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası Məcəllənin 38-ci maddəsi ilə müəyyən olunur. Məcəllənin 38-ci maddəsi isə əlavədən irəli gələrək dəyişdirilərək başqa formatda verilib və yeni qaydaları təsbit edib. Qaydalar belədir:
– Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
– Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra Azərbaycanın “Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidir.
– Müvafiq icra hakimiyyəti orqanı müraciətin “ASAN Viza” sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları yoxlayır, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyini alır.
– Elektron vizanın verilməsi barədə müraciətə bu Məcəllənin 38.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada baxılır, viza rəsmiləşdirilərək “ASAN Viza” sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və ya viza verilməsindən imtina edildikdə bu barədə məlumat verilir.
– Elektron viza pasporta yapışdırılmır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.
– Bu Məcəllənin 16.1-ci maddəsində (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlməyi qadağan edən hallar – qeyd olunan maddədə bu sıra ilə göstərilib) nəzərdə tutulmuş hallarda elektron viza verilməsi haqqında müraciət rədd edilir, verilmiş viza ləğv edilir və şəxs ölkəyə buraxılmır. Təkrar müraciətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
– Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikası ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər.
Keçid müddəası: Bu Məcəllədə nəzərdə tutulmuş “ASAN Viza” sistemi fəaliyyətə başlayanadək turistlərə turizm şirkətləri vasitəsi ilə elektron vizaların verilməsinin mövcud sistemi öz fəaliyyətini davam etdirir.
Ə.Hüseynli bildirib ki, “ASAN Viza” sistemi bu yay işə salınacaq. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. İclasda gündəlikdə duran digər qanun layihələri də müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Son xəbərlər
Digər xəbərlər