“ASAN xidmət” də hansı bank xidmətləri fəaliyyət göstərir? – ARAŞDIRMA

0

“ASAN xidmət” — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzdir. “ASAN xidmət” mərkəzlərində on iki dövlət orqanının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.

Fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində həmçinin bank, sığorta, hüquqi yardım, tibb, tərcümə, foto, mədəniyyət tədbirlərinə bilet satışı xidmətləri fəaliyyət göstərir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az-ın bu dəfəki araşdırması “ASAN xidmət” də hansı bank xidmətlərinin fəaliyyət göstərməsi ilə bağlıdır.

Qeyd edə bilərik ki, “ASAN xidmət” də  3 bankın xidmətləri fəaliyyət göstərir: Azər Türk Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bank. Aşağıda “ASAN xidmət” də bu bankların hansı xidmətləri göstərməsi barəsində ətraflı məlumat vərəcik.

Həmçinin onu da bildirək ki, “ASAN xidmət”də yalnız bir bank olmayan kredit təşkilatı “İdeal Kredit” MMC-nin xidmətləri də var.

“Azər Türk Bank” ASC Qəbələ və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir. Həmin xidmətlərə fiziki və hüquqi şəxslərə bank hesabının açılması, fiziki şəxslərə depozit hesabının açılması, hüquqi şəxsə müvəqqəti hesabın açılması, valyuta mübadilə əməliyyatları, nağdsız pul köçürülməsi, ölkədaxili pul köçürmələri, şəxsi hesabdan nəğd vəsaitin çıxarılması, plastik kartların satışı, sürətli pul köçürmələri, alqı-satqı əməliyyatlarının aparılması aiddir.

ASAN xidmət-də “Azər Türk Bank”ın  hansı xidmətlərindən faydalanmaq olar?

1.Fiziki şəxslərə bank hesabının açılması – İlk öncə aydınlıq gətirək ki, Bank hesabı hər bir şəxsin hesabına daxil olan pul vəsaiti ilə ölkənin bank qanunvericiliyində nəzərdə tutulan istənilən ölkədaxili, ölkəxarici və nağdsız köçürmə əməliyyatlarını asanlıqla yerinə yetirə bilməsi üçün bir növ vasitəçidir. Bunun üçün zəruri olan sənədlərə şəxsiyyət vəsiqəsi daxildir və xidmət haqqı 10 manatdır.

  1. Hüquqi şəxslərə bank hesablarının açılmasıüçün zəruri olan sənədlərin siyahısına aşağıdakılar daxildir və xidmət haqqı 20 manatdır.
  • Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
  • Hüquqi şəxsin notarial qaydada təsdiqlənmiş nizamnaməsi;
  • Notarial qaydada təsdiqlənmiş VÖEN;
  • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin dublikatının əsli;
  • Notarial qaydada təsdiq olunmuş imza nümunəsi vərəqəsi
  1. Fiziki şəxslərə depozit (əmanət) hesabının açılması – Depozit şəxslərin bankda saxlanılan pul vəsaitləridir. Depozit həm banka, gəm də əmanətçiyə eyni anda fayda verir: əmanətçi artıq dediyimiz kimi, müəyyən faizlər əldə edir, bankın isə xeyri onda olur ki, o, əmanətçinin pulunu dövriyyəyə buraxa bilir. Buna görə vacib olan sənəd şəxsiyyət vəsiqəsidir, xidmət haqqı ödənişsizdir və dərhal açılır.

4.Hüquqi şəxsə müvəqqəti hesabın açılması – zəruri olan sənədlərin siyahısı – hüquqi şəxsin müvəqqəti hesabın açılması haqqında qərar; Səhmdarların, təsisçilərin və rəhbər şəxsin və ya imza səlahiyyətli digər şəxsin şəxsiyyətini təsdiq edən sənəd; Hüquqi şəxsin nümayəndəsi müraciət etdikdə, nümayəndənin səlahiyətini təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi. Hüquqi şəxsə müvəqqəti hesabın açılması xidmət haqqı ödənişsizdir. 

5.Valyuta mübadilə əməliyyatları – Bu prosesi həyata keçirmək üçün 500 dollar ekvivalentindən yuxarı əməliyyatlara şəxsin şəxsiyyətini təsdiq edən sənəd lazımdır və xidmət haqqı ödənişsizdir.

6.Nağdsız pul köçürməsi  – bank hesabi açılmadan nağd pulun fiziki şəxs tərəfindən banka təhvil verilməsi yolu ilə həyata keçirilən ödənişdir. Bunun üçün pul köçürən şəxsin şəxsiyyət vəsiqəsi; pul köçürən şəxsin bank hesabının rekvizitləri; pul köçürülən bank hesabının rekvizitləri kimi sənədlər zəruridir. Nağdsız pul köçürülməsi üçün nəzərdə tutulan xidmət haqqı köçürülən pulun 0,1%-i, 1 manatdan aşağı olduqda 1 manat; Köçürülən məbləğin 0,1%-i 1 manatdan çox olduqda, həmin məbləğdir. Bu proses gün ərzində həyata keçirilə bilər.

7.Ölkədaxili pul köçürmələri – Bunun üçün də şəxsiyyət vəsiqəsi lazımdır və xidmət haqqı isə müxtəlifdir.

8.Şəxsi hesabdan nəğd vəsaitin çıxarılması – Hesabdan nağd vəsaitləri yalnız hesab sahibi və ya onun müvəkkil şəxsi çıxara bilər. Nağd vəsaitləri şəxsi hesabdan şəxsiyyət vəsiqəsini təqdim edərək çıxartmaq olar. Xidmət haqqı üçün çıxarılan vəsaitin 0.5 %-i nəzərdə tutulub.

9.Plastik kartların satışı – Buna görə də şəxsiyyət vəsiqəsi mühümdür. Xidmət haqqı Plastik kartların növünə görə dəyişir – 12 manatdan 50 manatadək. 3 iş günü ərzində əldə etmək mümkündür. 10 manat əlavə ödənişlə plastik kartın təcili əldə edilməsi mümkündür.

10.Sürətli pul köçürmələri üçün də zəruri olan sənədlərin siyahısına şəxsiyyət vəsiqəsi daxildir və xidmət haqqı müxtəlifdir.

11.Alqı-satqı əməliyyatlarının aparılması – Notariusun alqı-satqı məktubu və müvafiq məxaric çeki, şəxsiyyət vəsiqəsi lazımdır. Dövlət rüsumunun məbləği notariusun depozit hesabına nağd mədaxil olunub nağd çıxarılarkən ümumi məbləğin 0.2 %-i, 1 manatdan aşağı olduqda 1 manat nəzərdə tutulub.

Kapital Bank tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzi, Sumqayıt, Masallı, Quba, Mingəçevir, İmişli və Şəki  regional “ASAN xidmət” mərkəzləri və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzində xidmət göstərilir.

Həmin xidmətlərə fiziki və hüquqi şəxslərə cari hesabın açılması, Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə cari hesabın açılması, Hüquqi şəxsə müvəqqəti hesabın açılması, əmanətlərin qəbul edilməsi, plastik kart satışı və mədaxil əməliyyatları, Sürətli pul köçürmələrinin göndərilməsi və alınması (Western Union, Lider, Contact, Xəzri, Zolotaya Korona), dövlət büdcəsinə bütün növ ödənişlərin qəbulu daxildir.

ASAN xidmət-də “KapitalBank”ın  hansı xidmətlərindən faydalanmaq olar?

1.Fiziki şəxslərə cari hesabın açılması – şəxsiyyət vəsiqəsi lazımdır və xidmət haqqı ödənişsizdir.

2.Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə cari hesabın açılması – zəruri olan sənədlərin siyahısına fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd; Vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin dublikatının əsli; notarial qaydada təsdiq olunmuş imza nümunəsi vərəqəsi. Xidmət haqqı ödənişsizdir.

3.Hüquqi şəxslərə cari hesabların açılması üçün Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi; Nizamnamənin notarial qaydada təsdiq olunmuş surəti; Dövlət reyesterindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti; Vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin dublikatının əsli; Kommersiya hüquqi şəxslər və fərdi sahibkarlar istisna olmaqla, Dövlət Sosial Müdafiə Fondu tərəfindən hüquqi şəxslərə verilmiş şəhadətnamənin dublikatının əsli; İmza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə əmrin nüsxəsi (möhürlə və “əsli ilə düzdür” qeydi ilə təqdim olunmalıdır); Səhmdarların, təsisçilərin, rəhbər şəxsin və imza səlahiyyətli digər şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər vacibdir. Xidmət haqqı ödənişsizdir.

4.Hüquqi şəxsə müvəqqəti hesabın açılması – Hüquqi şəxsin müvəqqəti hesabın açılması haqqında qərarı; Səhmdarların, təsisçilərin və rəhbər şəxsin və ya imza səlahiyyətli digər şəxsin şəxsiyyətini təsdiq edən sənəd; Hüquqi şəxsin nümayəndəsi müraciət etdikdə, nümayəndənin səlahiyətini təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi kimi sənədlər lazımdır. Xidmət haqqı ödənişsizdir.

5.Əmanətlərin qəbul edilməsi üçün də şəxsiyyəti təsdiq edən sənəd zəruridir və xidmət haqqı ödənişsizdir.

6.Plastik kart satışı və mədaxil əməliyyatları –  Xidmət haqqı Kartların növünə görə dəyişir – 5 manatdan 600 manatadək. Müddəti 3 iş günü nəzərdə tutulub.

7.Sürətli pul köçürmələrinin göndərilməsi və alınması (Western Union, Lider, Contact, Xəzri, Zolotaya Korona) – Sürətli pul köçürmələrinin tarifinə uyğun olaraq xidmət haqqı tələb olunur. Bu proses dərhal həyata keçirilir.

8.Valyuta mübadilə əməliyyatları üçün 500 dollar ekvivalentindən yuxarı əməliyyatlara şəxsin şəxsiyyətini təsdiq edən sənəd vacibdir. Xidmət haqqı ödənişsizdir. Bildirək ki, Rus rublu ilə əməliyyatlar aparılmır.

9.Vergi ödənişlərinin qəbulu – Bu prosesi həyata keçirmək üçün VÖEN lazımdır. Xidmət haqqı isə 40 qəpikdən başlayır.

10.Dövlət büdcəsinə bütün növ ödənişlərin qəbulu – Xidmət haqqı 1 manatdan başlayır.

Bank olmayan kredit təşkilatı “İdeal Kredit” MMC kredit verilməsi də həmçinin “ASAN xidmət” də həyata keçirilir. Kredit verilməsi üçün şəxsiyyət vəsiqəsi və gəlir haqqında arayış lazımdır. Xidmət haqqı məbləğə və müddətə görə dəyişir. Verilmə müddəti isə 1 iş günü nəzərdə tutulub. Qeyd edək ki, bu xidmət 1 saylı Bakı ASAN Kommunal mərkəzində göstərilir.

Azərbaycan Beynəlxalq Bank tərəfindən 1 saylı, 2 saylı və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində, Gəncə, Sabirabad və Bərdə “ASAN xidmət” mərkəzlərində xidmət göstərilir.

ASAN xidmət-də “Azərbaycan Beynəlxalq Bank”ın  hansı xidmətlərindən faydalanmaq olar?

  1. Fiziki şəxsə bank hesabının açılması
  2. Hüquqi şəxsə müvəqqəti hesabın açılması
  3. Valyuta mübadilə əməliyyatları
  4. Fiziki şəxslərə Depozit (Əmanət) hesabının açılması
  5. Ölkədaxili və xaricə pul köçürmələri
  6. Şəxsi hesabdan nəğd vəsaitin çıxarılması
  7. Alqı-satqı əməliyyatlarının aparılması
  8. Plastik kartların satışı

Fiziki şəxsə bank hesabının açılması üçün şəxsiyyət vəsiqəsi mühümdür və xidmət haqqı isə ödənişsizdir. “ASAN xidmət” də dərhal bank hesabı açıla bilər.

Hüquqi şəxsə müvəqqəti hesabın açılması – Hüquqi şəxsin müvəqqəti hesabın açılması haqqında qərarı; Səhmdarların, təsisçilərin və rəhbər şəxsin və ya imza səlahiyyətli digər şəxsin şəxsiyyətini təsdiq edən sənəd; Hüquqi şəxsin nümayəndəsi müraciət etdikdə, nümayəndənin səlahiyətini təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi kimi sənədlər lazımdır. Xidmət haqqı ödənişsizdir.

Valyuta mübadilə əməliyyatları – Bu əməliyyatları aparmaq üçün 500 dollar ekvivalentindən yuxarı əməliyyatlara şəxsin şəxsiyyətini təsdiq edən sənəd lazımdır. Valyuta mübadilə əməliyyatlarını həyata keçirmək üçün xidmət haqqı tələb olunmur.

Fiziki şəxslərə Depozit (Əmanət) hesabının açılmasına görə vacib olan sənəd şəxsiyyət vəsiqəsidir, xidmət haqqı ödənişsizdir və dərhal açılır.

Ölkədaxili və xaricə pul köçürmələri – Şəxsiyyət vəsiqəsi lazımdır və xidmət haqqı ölkəyə görə müəyyən olunur.

Şəxsi hesabdan nəğd vəsaitin çıxarılması – Şəxsiyyət vəsiqəsi lazımdır və xidmət haqqı ödənişsizdir.

Alqı-satqı əməliyyatlarının aparılması – Bu prosesi həyata keçirmək üçün hər iki tərəfin şəxsiyyət vəsiqəsi; notariusun alqı-satqının həyata keçirilməsi barədə məktubu və müvafiq məxaric çeki zəruri olan sənədlərə daxildir. Dövlət rüsumunun məbləği notariusun depozit hesabına nağd mədaxil olunub nağd çıxarılarkən ümumi məbləğdən 0.2% (1 manatdan az olduqda 1 manat); Məbləğ Notariusun depozit hesabına nağdsız mədaxil olunub nağd çıxarılarkən 0.2% (1 manatdan az olduqda 1 manat) rüsum nəzərdə tutulub.

Plastik kartların satışı – Dövlət rüsumunun məbləği Plastik kartların növünə görə dəyişir – 12 manatdan 50 manatadəkdir. Mütləq şəxsiyyət vəsiqəsi lazımdır.