6 C
Baku
Sunday, December 15, 2024

“Komanda olaraq Ən yaxşıya” düsturunu rəhbər tutacayıq

Müsahibiniz: Azərbaycan Sənaye Bankının Sədri cənab Hüseyin Özmen

Hüseyin bəy, ilk öncə suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçün təşəkkür edirəm.

Artıq bir ildən çoxdur ki, ASB Bankın idarəetməsi Sizin əlinizdədir, ötən bu müddət ərzində Bankın fəaliyyətini necə qiymətləndirisiniz? Yeni kollektivlə işləmək Sizə nə dərəcədə rahat oldu?  

Çox sağ olun, mən də sizə təşəkkür edirəm.

Hər şeydən əvvəl mən 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə bütün Azərbaycan xalqını və sizin kollektivinizi ürəkdən təbrik edirəm, cansağlığı və firavanlıq arzu edirəm.

Bəli artıq 16-cı aydır ki, mən bankın İdarə Heyəti sədri vəzifəsinə təyin olunmuşam və hesab edirəm ki, Bankın səhmdarı tərəfindən bu vəzifənin mənə etibar edilməsi mənə göstərilən yüksək etimadın və etibarın ifadəsidir.

Təbii ki, rəhbər vəzifəyə təyin olunan şəxs kimi ilk aylarda bankın səhmdarlarının bankdan gözlədiyi hədəflərin nədən ibarət olmasını, bu hədəflərin reallaşdırılmasına bankın potensialının (buna həm insan potensialı, həm maddi və texniki potensiallar da daxildir) nə dərəcədə imkan verdiyi və müştərilərin bankdan gözləntilərinin nələrdən ibarət olmasını öyrənmək mənim üçün çox vacib idi. Bu nöqteyi-nəzərdən səhmdarların bu bankı Azərbaycanda ən yaxşı və keyfiyyətli xidməti göstərən banklar arasında ilk sıralara daxil olması, əhali arasında etibarlı bir bank kimi nüfuz qazanması hədəfinin olduğunu və bu hədəflərin reallaşdırılması üçün də banka kifayət qədər ciddi maddi, texniki və kadr potensialının təmin edildiyini müşahidə etdim. Ötən 16 ay ərzində bankda bir çox irəliləyişlər və yeniliklər icra edilmişdir. Mərkəzi Bankın məcmu kapitalın  artırılması ilə bağlı tələbləri ASB bankda qısa zamanda icra edilərək başa çatdırılmışdır.

Bundan əlavə müştərilərə xidmət göstərən yeni filiallarımız açılmış, bankın daxili nəzarət sistemləri gücləndirilmişdir. 30 illik bank təcrübəmin bu banka verilməsi üçün ötən 16 ay ərzində əlimdən gələni etməyə çalışıram, təbiidir ki, hər bir müəssisədə olduğu kimi qarşılaşdığımız problemlər də olmuşdur, lakin əsas odur ki, həmin problemlərin nədən yarandığını düzgün analiz edib, düzgün qərarlar qəbul etməyi və bütün bunları da bankın səhmdarları ilə paylaşmağı vacib prinsip hesab etmişəm. İş təcrübəmdə hər zaman öz işinin öhdəsindən gələn, dürüst və çalışqan kollektivə üstünlük vermişəm, bu bankda da həmin prinsiplərim öz qüvvəsində qalmışdır. Bu baxımdan işini düzgün qavrayan və öhdəsindən gələn işçilərə üstünlük verirəm, təbiidir ki, işinin öhdəsindən gələn işçilərlə işləmək bütün rəhbərlər, o cümlədən mənim üçün də birinci məqsəddir.

Artıq bir neçə müddətdir ki,  Azərbaycandasınız, bundan öncə daha iki bankda rəhbər vəzifələrdə çalışmısınız. Bu illər ərzində qazandığınız təcrübəni nəzərə alaraq, Azərbaycan və Türkiyə bançkılığının hansı fərqli aspektlərini qeyd edə bilərsiniz?

ASB bankın strateji planında əsas hədəflər bank sektorunda ilk sıralarda yer almaqdır. Bu hədəfin reallaşdırılması üçün ən vacib element müştərilərə keyfiyyətli bank xidməti göstərməkdir və müştərilər arasında etibarlı bank təsəvvürünü daha da irəlilətməkdir. Düzdür kreditin aşağı faizlə verilməsi və ya əmanətlərin daha əlverişli şərtlərlə cəlb edilməsi müştərilərin cəlb edilməsi üçün vacib məsələlərdir, lakin bunlarla bərabər bankın etibarlı bank olması üçün müştərilər qarşısında öhdəliklərini vaxtında və tam yerinə yetirə bilməsi imkanının olması da çox vacibdir. Bunlarla bərabər səhmdarların hüquqları ilə müştərilərin hüquqlarının ədalətlə gözlənilməsi, bunlar arasında tarazlığın qorunması, sürətli və keyfiyyətli bank xidmətlərinin müştərilərə təqdim olunması, qeyri-nağd ödəmə sistemlərinin geniş şəkildə tətbiq olunması, internet bankçılığın inkişaf etdirilməsi, işçilərin bilik və təcrübələrinin artırılması bizim üçün prioritet xarakter daşıyır.

Azərbaycanda kreditlər, nəinki Türkiyədən, hətta dünyanın bir sıra ölkələrindən daha bahadır.  Sizin fikrinizə, yaxın perspektivdə Azərbaycan kredit bazarından hansı proseslər və risklər gözlənilir?

Türkiyədə sərbəst bank sektoru uzun müddətdir yaranıb, inkişaf edib və hal-hazırda Türkiyə dünyada keyfiyyətli bank xidmətləri təqdim edən ölkələr sıyahısındadır. Türkiyənin bank sektorunda yüksək rəqabət var, bunun nəticəsində keyfiyyətli xidmət var, bank qanunvericiliyi də bank sektorunun inkişafını və problemlərin həll edilməsinə gözəl imkanlar yaradır. Azərbaycanda sərbəst bazar iqtisadiyyatına söykənənbank sektoru 20 ildir fəaliyyət göstərir, bu müddət ərzində bir çox banklar yaranıb, lakin rəqabətə davam gətirə bilməyib, bir çox banklar isə sağlam təməllər üzərində dayandığı üçün fəaliyyətini davam etdirir. Azərbaycana gəldiyim 1995-ci ildən indiki vaxtadək bank sektorunun inkişafında xeyli yol qət edilmişdir, Banklar haqqında qanun qəbul edilmişdir, Mərkəzi Bank banklar üçün lazım olan bütün qayda və təlimatları hazırlamışdır, bunlar çox böyük nailiyyətlərdir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiya nəticəsində son illərdə Azərbaycan iqtisadiyyatı yüksək templə inkişaf etmiş, islahatlar və modernləşdirmə daha da sürətlənmiş, qeyri-neft sahələrinin rolu artmış, ölkənin beynəlxalq rəqabət qabiliyyəti yüksəlmişdir.

Azərbaycanın iqtisadiyyatı 20 ildə çox inkişaf etmişdir, ölkə rəhbərliyi ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan bütün şəraiti yaratmışdır. Təbiidir ki, iqtisadiyyatın inkişafı ilk öncə bank sektoruna öz müsbət töhfəsini vermişdir, bu da ölkə prezidentinin bank sektoruna çox böyük önəm verdiyini əyani nümayiş etdirir. Bütün bunlarla bərabər hesab edirəm ki, Azərbaycanda bank sektorunun inkişafı üçün görüləsi işlər hələ də var. İlk öncə yüksək inkişaf etmiş ölkələrinin bank təcrübəsinin öyrənilməsi çox vacibdir, ölkənin bank sektorunun dünya bank sektoruna daha da sürətli inteqrasiya olunması lazımdır. Qabaqcıl ölkələrin kredit, təminat, qeyri-nağd ödəmə və internet bankçılığı sistemlərinin öyrənilməsi və bu təcrübələrin tətbiq olunması ticarətin genişləndirilməsində və pul dövriyyəsinin sürtləndirilməsində vacib rol oynayacaqdır.

Türkiyədə, o cümlədən qərb dövlətlərində bank sektorunda qiymətli kağızların tətbiqi çox yüksək səviyyədədir, kredit öhdəliyi qarşılığında qiymətli kağız təminatının olması verilmiş kreditin daha tez bir zamanda qaytarılması və təminatın daha qısa müddətdə pula çevrilməsi imkanını təmin edir, bu da ticarətin və pul dövriyyəsinin genişləndirilməsinə, qeyri-nağd ödəmə sistemlərinin inkişafına çox təsir edir. Ölkə prezidentinin qeyri-nağd ödəmə sistemlərinin gücləndirilməsi üzrə fərmanı çox yerində atılmış bir addımdır və qeyri-nağd ödəmə sistemlərinin inkişaf etdirilməsi ölkə iqtisadıyyatına çox güclü təkan olacaqdır. Hal-hazırda bankımız ölkədə qeyri-nağd ödəmələrin həcminə görə ilk 3 sırada yer alır, bu dövlətimizin qeyri-nağd ödəmə sistemlərinin daha da inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarının icrası üzrə yüksək nəticədir.

Türkiyə və Azərbaycan bankçılığının fərqli aspektlərindən biri də Azərbaycanda istehlak kreditlərinin verilən kreditlərin böyük bir hissəsini təşkil etdiyi, əhalinin daha çox kreditləri istehlak və məişət ehtiyacları üçün tələb etdikləri görünür. Kreditlərin sərmayələrin və bizneslərin qurulmasına, istehsalat sahələrinin inkişafına cəlb edilməsinin ölkə iqtisadıyatının inkişafına, işyerlərinin daha da çoxalmasına, ölkəyə idxal olunanan mal və xidmətlərin azaldılmasına təsiri böyük olardı.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə banklara nizamnamə kapitalının artırılması ilə bağlı daha 1 il möhlət verildi. Bu proseslərə Sizin yanaşmanız necədir?  

Fikrimcə ölkə iqtisadiyyatının inkişafı üçün bu düzgün addımdır, bu addım bank sektorunda rəqabətə davamlı və güclü bankların olmasına şərait yaradacaqdır. Mərkəzi Bankın məcmu kapitalının artırılması ilə bağlı siyasəti bankları ləğv etməyə və ya onlara çətinlik yaratmağa deyil, onları inkişaf etdirməyə və bazarda möhkəmlənməyə xidmət edir. Bu baxımdan məcmu kapitalın artırılması ilə bağlı banklara 1 il daha möhlət verilməsi düzgün addımdır. Hal-hazırda Azərbaycanın bank sektorunda 95% banklar məcmu kapitalını tələb olunan məbləğədək artırmışdır, ASB bank da öz məcmu kapitalının tələb olunan məbləğdən də yüksək, yəni 70 000 000 manat səviyyəsinədək çatdırmışdır. Bu da ASB bankın rəqabətə davamlı, güclü maliyyə dəstəyinə malik potensialı böyük olan və müştərilərə etibarlı bir bank olduğunun sübutudur.

Hal-hazırda Azərbaycan Sənaye Bankının bir sıra məqamlarda  (o cümlədən taksit kartlarının istifadəyə verilməsi ilə bağlı) ən çox Türkiyə təcrübəsindən geniş faydalandığı hiss olunur. Daha hansı istiqamətlərdə  bu təcrübədən istifadə etməyi planlaşdırırsınız?

Türkiyədə bank sektorunun geniş imkanları mövcuddur, müştərilərə geniş çeşiddə bank məhsulları təqdim olunur. Türkiyənin bu təcrübəsindən bank olaraq daha çox faydalanmaq istəyirik, hal-hazırda taksit kart sistemlərinin, qeyri-nağd ödəmə sistemlərinin, internet bankçılığı sistemlərinin daha da geniş tətbiq edilməsi layihələri üzərində işləyirik. Bundan başqa kadrların yetişdirilməsinə böyük əhəmiyyət veririk, onların Türkiyədəki böyük banklarda təcrübələr keçməsini nəzərdə tuturuq. ASB Bank bank sistemində Türkiyə təcrübəsinin öyrənilməsində və Azərbaycanda tətbiq edilməsində çox vacib rol oynayır, Türkiyə bank sistemi Avropa ölkələrinin bank sisteminə çox yaxından inteqrasiya olunduğu üçün bunun da Azərbaycanın bank sektoruna faydası böyükdür.

Türkiyə kredit və plastik kart sektorunda müşahidə etdiyiniz elə bir məqam var ki, onu Azərbaycanda da görmək istərdiniz?

Türkiyədə plastik kart kreditləri çox inkişaf etmişdir, plastik kart məhsulları vasitəsilə geniş bank məhsulları təqdim olunur. Taksitli ödəmələr geniş yayılmışdır. Azərbaycanda da Plastik Kart vasitəsilə əhalinin ehtiyac və tələbatını nəzərə alaraq Türkiyənin plastik kart və takistli ödəmələr sistemindəki təcrübəsini daha da geniş tətbiq etmək lazımdır.

Yeni ilə hər hansı bir hədəfləriniz varmı?

2014-cü ildəki hədəfimiz sabit böyüyən və əlavə dəyər yaratmaqla, maliyyə sektorunda müştərilərinə ən keyfiyyətli və sürətli xidmət təklif edən, səhmdarlarının və əməkdaşlarının mənsubu olmaqdan qürur və xoşbəxtlik duyacağı, etibarlı və sosial məsuliyyətinin fərqində olan bir bank olmaqdır. Bu məqsədlə təsis edilmə fəlsəfəmiz olan sənaye sektorunun inkişafı və təsis olunan yeni sənaye müəssisələrinin dəstəklənməsi ilə birlikdə korporativ və fərdi müştərilərin lokal və beynəlxalq maliyyə tələbatlarına cavab verə bilməyi və sahibkarlığın inkişafını təmin edə biləcək fəaliyyəti hədəf tutacayıq. Yeni proyektlərlə müştəri hədəflərimizi və məmnuniyyətini daha da irəli səviyyələrə çatdırmağı, Azərbaycanın bank sektorunda markamızı müştəri sədaqəti prinsipi ilə bəzəməyi və fərqliləşdirməyi hədəfləyirik.

Hədəflərin reallaşdırılması istiqamətində müştərilərlə olan münasibətlərimizin inkişaf etdirilməsi, onların maliyyə ehtiyaclarının düzgün öyrənilməsi və qarşılanması, bank xidmətlərinin sürətli və keyfiyyətli təqdim edilməsi əsas iş modelimiz olacaqdır. Bank sektorunda yüksək rəqabət apara bilmək üçün maliyyə, texniki və insan qaynaqlarımızı düzgün idarə etmək başlıca məqsədimizdir, bu baxımdan 2014-cü il hədəflərimizin reallaşdırılması üçün əhəmiyyətli il olacaqdır. Bu hədəflərə çatmaqda kadr potensialı və işçilərimizin motivasiyası həll edici rol oyanayacaqdır, bunun üçün də hər zaman “Komanda olaraq Ən yaxşıya” düsturunu rəhbər tutacayıq və insan faktorunu hər şeyin üstündə görən anlayışla onların həvəsləndirilərək mükafatlandırılmalarını da təmin edəcəyik.

Ümumiyyətlə bazar payınızı artırmaq üçün necə bir strategiya tətbiq etməyi düşünürsünüz? Nəyə görə müştərilər məhz sizin bankı seçməlidir?  

Hal-hazırda ASB bankın aktivləri 300 000 000-dan artıqdır, hədəfimiz gələcək illərdə aktivləri artırmaq və aktivlərin məbləğini 2014-cü ildə 400 000 000-a çatdırmaqdır. 2014-cü ildə müştərilərə keyfiyyətli və sürətli xidmət göstərmək, əlverişli faiz dərəcələri ilə bank məhsulları təqdim etmək, regionlarda kənd təsərrüfatı sektoruna kreditlərin verilməsi, sənaye sektorunun dəstəklənməsi əsas strategiyamız olacaqdır. ASB bank etibarlı, maliyyə stabilliyi və potensialı böyük olan bank olması müştərilərin ASB-ni seçməsində böyük rol oynayır.

ASB 2014 ildə korporativ sektorla riteyl arasında balansı hansı həcmdə saxlamağı düşünür?  

2014-cü ildə korporativ sektor 70%, riteyl sektor 30% həcmində balansı saxlamağı düşünürük.

Təşəkkür edirik!

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.