Dövlətin gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən şirkəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) 2025-ci ilin ilk yarısında gəlirlərini artıra bilib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı hesabatda bildirilir. Bununla belə, dövlət şirkəti hər iki hesabatı vaxtından bir qədər gec və eyni həftə ərzində təqdim edib.
ASCO ilk rübdə ümumi həcmi 247 mln. manat olan xidmət gəliri əldə edib ki, bu da 2024-cü ilin eyni dövründəki 202 mln. manatla müqayisədə 22% çoxdur. Dövlət şirkətinin gəlirlərinin 130.1 mln. manatı yük və sərnişindaşıma, 100 mln. manatı dəniz nəqliyyatı xidməti, qalan 17 mln. manatı isə digər sektorun payına düşüb.
Dövlət şirkətinin xidmətlərinin ümumi maya dəyəri isə 215 mln. manatdan çox olub. Ötən ilin eyni dövründə bu rəqəm 168 mln. manata yaxın idi.
Beləliklə, ASCO ilk iki rübü 618 min manat xalis mənfəətlə tamamlayıb. Halbuki ötən ilin eyni dövründə şirkət 17 mln. manat zərər açıqlamışdı.
Bu arada şirkətin audit hesabatında daha bir vacib məqam — beş gəmisinə sanksiya tətbiq edilməsi — qeyd olunur. Belə ki, ASCO-nun iki gəmisi və şirkətin “SA Maritime AFZECO” birgə müəssisəsi vasitəsilə birgə sahib olduğu üç gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb.
Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb və şirkətin, həmçinin birgə müəssisənin müvafiq sanksiyaları pozmadığını sübut etmək məqsədilə apelyasiya müraciəti hazırlayır.
Konsolidə edilmiş maliyyə hesabatlarının dərc edildiyi tarixə apelyasiyanın nəticəsi və baxılma müddəti qeyri-müəyyən olaraq qalır.
Qeyd edilir ki, tətbiq olunan sanksiyalar ASCO-nun gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir göstərə bilər. Rəhbərlik mövcud vəziyyəti ciddi nəzarətdə saxladığını və prosesin gedişindən asılı olaraq müvafiq tədbirlər görəcəyini bildirib.
Xatırladaq ki, ASCO 2024-cü ili 14.5 mln. manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə 29.19 mln. manat və ya təxminən 67% azdır. Halbuki 2023-cü ildə şirkətin xalis mənfəəti 43.69 mln. manat təşkil etmişdi.







