Bu il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Orta Dəhliz çərçivəsində yükdaşımalarını 3 dəfə artırıb.
Qurumdan bildirilib ki, bu ilin yanvar-noyabr ayları ərzində dəhliz üzrə ASCO gəmiləri ilə daşınan konteynerlərin həcmi 18 542 TEU təşkil edib.
Bu göstərici 2024-cü ilin eyni dövründə 6 186 TEU olub. Beləliklə, cari ildə konteyner daşımalarında təxminən 3 dəfə artım qeydə alınıb.
Xəzər dənizində 2025-ci ilin 11 ayı ərzində ASCO-nun gəmiləri ilə 716 460 ton quru yük daşınıb. Bu da 2024-cü ilin eyni dövründə qeydə alınan 443 843 ton göstərici ilə müqayisədə təxminən 51 % artım deməkdir.
Qurumdan verilən məlumata görə, il ərzində yüklərin fasiləsiz daşınması və dəhlizin rəqabət qabiliyyətinin artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, vaqon daşımaları üzrə güzəştli tariflər tətbiq edilib, yük axınının pik dövrlərində isə 5 ay müddətinə Aktau-Ələt marşrutu üzrə əlavə 3 gəmi cəlb olunub.
Hazırda Orta Dəhliz çərçivəsində istismar olunan ASCO-nun bərə və Ro-Pax tipli gəmilərinin vaqon götürmə qabiliyyəti ümumilikdə 584 ədəd, quru yük gəmilərinin yükdaşıma qabiliyyəti isə 140 min ton təşkil edir.








