13 C
Baku
Sunday, November 24, 2024

Daha bir dövlət şirkətinin səhmlərinin birjaya çıxarılması planlaşdırılır

ABB-nin ardından daha bir dövlət şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) də səhmlərinin bir hissəsi üzrə kütləvi təklif planlaşdırılır və bunun 2025-ci ildə baş verəcəyi bildirilir.

Banker.az xəbər verir ki, bu barədə məsələ ilə tanış olan mənbə bildirir.

250 tanker və gəmiyə malik ASCO bununla kapitalında dövlətin payının bir hissəsini birjada dövriyyəyə çıxarmaqla ictimaiyyətə ötürə bilər. Hazırda şirkətin 440 mln. manatlıq nizamnamə kapitalının 100%-i dövlətə məxsudur.

ASCO azsaylı mənfəətlə işləyən dövlət şirkətlərindən biridir və hər il demək olar ki, digər dövlət bankı ABB kimi büdcəyə öz mənfəətindən dividendlər ayırır. ASCO son iki ildə fond bazarından vəsait cəlb etməklə bu bazarda təcrübə qazanıb. İki il ərzində müxtəlif məbləğlərlə ABŞ dollarında gəlirlilik təklif edən istiqraz emissiya edib. Son iki ildə audit olunmuş hesabatına əsasən, şirkət müvafiq olaraq 63 mln. manat və 44 mln. manat xalis mənfəət əldə edib. Onun 1 yanvar 2024-cü il tarixinə 635 mln. manat üzərində bölüşdürülməmiş mənfəəti var.

Sahibi olan dövlətə son iki ildə 10 mln. manat və 13 mln. manat dividend ayırıb.

Lakin bunun baş verməsi üçün hazırki təşkilati-hüquqi formasını dəyişməlidir. Bakı Fond Birjasında səhmlərin kütləvi təklifi üçün ilkin tələb onun MMC və ya QSC-dən çıxaraq ASC-yə çevrilməsidir. Məsələn, ABB-nin səhmlərinin bir hissəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti 2022-ci ildə sərəncam imzalamışdı.

Səhm almaq nədir?

Bu səhmləri əldə edən şəxs təşkilatın səhmdarı olur və bir səhmdar kimi təşkilatın illik xalis mənfəətindən dividend almaq, Səhmdarların Ümumi Yığıncaqlarında iştirak edərək həmin yığıncaqlarda gündəliyə qoyulmuş mühüm məsələlər üzrə səs vermək hüququ qazanır.

Hazırda bu bazarda ilk dəfə olaraq ABB çıxış edib və ölkə tarixində ilk dəfə olaraq səhmlərin məsafədən alış və satışını mümkün edib, lakin bu yalnız bankın öz tətbiqi ilə hələ ki realizə edilib.

Xatırladaq ki, ötən gün ASCO yaradılmasının 11 illiyi ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarının, beyin mərkəzlərinin nümayəndələri, nəqliyyat və maliyyə bazarları üzrə ekspertlər, iqtisadçılarla ASCO-da görüş keçirilməsi ilə bağlı dövlət qurumu özü press-reliz yaysa da, həmin press-relizdə bu məlumat bölüşdürülməyib.

Son xəbərlər
Digər xəbərlər