Bu gün, yanvarın 28-də səhər saatlarında Asiyanın texnologiya şirkətlərinin və aparıcı indekslərinin səhmləri Çinin “DeepSeek” şirkətinin yeni süni intellekt modelini təqdim etməsi ilə bağlı xəbərlər fonunda dünən başlayan enişi davam etdirib. “Financial Times” xəbər verir ki, ən çox yapon şirkətləri zərər görüb, Çin səhmlərinin isə artacağı gözlənilir.
Çoxlu sayda texnologiya şirkətini əhatə edən Tokionun “Nikkei” indeksi ticarətin açılışında 1.7% azalıb. Bir az sonra 1.4%-ə qədər enişi bərpa edə bilib. “SoftBank” səhmləri 5.2%-dən çox ucuzlaşıb. Bu, əsasən “SoftBank”ın 88%-ə sahib olduğu çip istehsalçısı “Arm Holdings”in səhmlərinin 10% ucuzlaşmasının nəticəsidir.
“Disco”, “Advantest” və “Furukawa Electric”, çip istehsalçıları və süni intellekt məlumat mərkəzi tərtibatçılarının səhmləri də ucuzlaşıb. Onların səhmləri son aylarda sürətlə böyüyür, lakin “DeepSeek” çat-botu ilə bağlı dünənki xəbərlərdən sonra “Disco” səhmləri 3.2%, “Furukawa” səhmləri isə 8% ucuzlaşıb. “Advantest” səhmləri ilk Tokio ticarətində 10% düşüb.
Eyni zamanda, Honkonqda Çin texnologiya şirkətlərinin səhmləri yüksəlir. “Hang Seng” indeksi 0.2% artıb, buna “Tencent” (1.4%), “Alibaba” (0.95%) və “Baidu” (2.44%) səhmlərinin bahalaşması səbəb olub.