Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Papua-Yeni Qvineya və Keniyanın banka üzvlük üçün müraciətini müsbət cavablandırıb.
AZƏRTAC xəbər verir ki, bankın direktorlar şurasının bu barədə qəbul etdiyi qərardan sonra AİİB-ə üzv ölkələrin sayı 86-a çatıb. Papua-Yeni Qvineya və Keniya ölkədaxili müvafiq proseduru keçdikdən və müəyyən olunmuş məbləğdə depoziti ödədikdən sonra AİİB-in tamhüquqlu üzvləri olacaqlar.
Qeyd edək ki, AİİB 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılıb. Ötən müddətdə 29 ölkənin (ərazi) üzvlüklə bağlı müraciəti bank tərəfindən müsbət qarşılanıb.
Mənzil-qərargahı Pekində yerləşən bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. AİİB 2016-cə ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit ayırmışdı.