19 C
Baku
Cümə axşamı, May 26, 2022

Asiya iqtisadiyyatının bu il 5.2% artacağı proqnozlaşdırılır

Daxili tələbatın möhkəmlənməsi və ixracatın davamlı böyüməsi fonunda inkişaf etməkdə olan Asiya dövlətlərində iqtisadi artımın cari ildə 5,2%, 2023-cü ildə isə 5,3% təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook 2022” hesabatında deyilir.

Bununla yanaşı, Rusiyanın Ukraynaya basqını, davam etməkdə olan koronavirus (COVID-19) pandemiyası və ABŞ-ın Federal Ehtiyatı tərəfindən monetar siyasətin sərtləşdirilməsi ilə əlaqədar meydana çıxan qeyri-müəyyənliliklər həmin proqnozun gerçəkləşməsini təhlükə altına qoyur.

Bankın proqnozlarına görə, inkişaf etməkdə olan Asiya dövlətlərinin əksəriyyətində cari ildə və 2023-cü ildə sabit iqtisadi artım müşahidə olunacaq. Qafqaz və Mərkəzi Asiya dövlətlərində ortaillik iqtisadi artımın cari ildə 3,6%, növbəti ildə isə 4% təşkil edəcəyi proqnozlaşdırılır. Cənub-Şərqi Asiyanın ticarətdən asılı dövlətləri üzrə bütövlüklə iqtisadi artımın cari ildə 4,9%, 2023-cü ildə isə 5,2% təşkil edəcəyi proqnozlaşdırılır. Turizmdən çox böyük asılılığı olan Sakit Okean dövlətlərində iqtisadiyyatın 2021-ci ildəki 0,6%-lik daralmadan sonra cari ildə 3,9%, 2023-cü ildə isə 5,4% artacağı gözlənilir.

Şərqi Asiyada iqtisadi artımın cari ildə 4,7%, 2023-cü ildə isə 4,5% təşkil edəcəyi gözlənilir. İxracın davamlı şəkildə möhkəmlənməsi fonunda regionun ən iri iqtisadiyyatı olan Çin Xalq Respublikasında artımın cari ildə 5%, növbəti ildə isə 4,8% təşkil edəcəyi proqnozlaşdırılır. Bütövlüklə Cənubi Asiya dövlətlərində iqtisadi artımın 2022-ci ildə 7%, 2023-cü ildə isə 7,4% təşkil edəcəyi, sub-regionun ən iri iqtisadiyyatı olan Hindistanda isə artımın cari maliyyə ilində 7,5%, növbəti maliyyə ilində isə 8% olacağı gözlənilir.

“Rusiyanın Ukraynaya basqını Asiyanın iqtisadi artım perspektivləri üçün ən böyük risklərin qaynağıdır. Müharibənin regiondakı dövlətlərin iqtisadiyyatına təsiri özünü artıq neft kimi əmtəələrin qiymətlərinin kəskin qalxması formasında büruzə verməkdədir. Eyni zamanda, silahlı münaqişə fonunda qlobal maliyyə bazarlarının sabitliyinə zərbə vurulmuşdur. Bir çox inkişaf etməkdə olan Asiya dövlətləri COVID-19 pandemiyasının təsirindən zərər çəkməyə davam edir, hətta bəzilərində yoluxma halları yenidən çoxalmağa başlayıb”, – hesabatda bildirilir.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər