Asiya fond indeksləri, xüsusilə də Yaponiya bazarları rekord səviyyəyə yüksəlib. “Bloomberg” agentliyinin analitiklərinin qiymətləndirməsinə görə, artım investorların iqtisadiyyatı stimullaşdırma tərəfdarı olan Sanae Takaitinin baş nazir postuna gəlməsi ilə bağlı gözləntilərlə əlaqədardır.
“Nikkei 225” indeksi 4%-dən çox artaraq rekord həddə çatıb. Qızılın qiyməti unsiya üçün 3900 dollardan yuxarı qalxaraq yeni rekord müəyyən edib. Eyni hal bitkoin üçün də müşahidə olunur.
Yaponiyanın istiqraz treyderləri ticarətin əvvəlində qısamüddətli mövqelər açaraq, hakim partiyanın liderlik yarışında Sanae Takaitinin qələbəsi ilə bağlı gözlənilən kəskin dəyişiklikləri vurğulayıblar. Görünür, istiqraz treyderləri Yaponiya Bankının faiz artımı siyasətini yumşaldacağını və yeni liderin istiqraz satışlarını artıra biləcəyini gözləyirlər.
“Kawasaki Heavy Industries Ltd.”, “Japan Steel Works Ltd.” və “IHI Corp.” kimi müdafiə sənayesi istehsalçılarının səhmləri bazar ertəsi bir anda ən azı 10% bahalaşıb. Agentliyin məlumatına görə, bu, hökumət xərclərinin artımından fayda əldə edə biləcəkləri barədə yaranan fərziyyələr fonunda yapon müdafiə və texnologiya şirkətlərinin səhmlərinin ümumi yüksəlişi ilə bağlıdır.