Asiyanın texnologiya şirkətlərinin səhmləri sektordakı ümumi satış dalğası fonunda kəskin ucuzlaşır

Asiyanın yarımkeçirici istehsalçıları və texnologiya şirkətlərinin səhmləri iyunun 10-da ABŞ-dakı analoji şirkətlərin səhmlərinin ucuzlaşmasının ardınca yenidən enişə keçib. Bu barədə ticarət məlumatlarına istinadən CNBC yazır.

Yaponiyada SoftBank Group şirkətinin səhmləri 8,3% ucuzlaşıb. Buna texnologiya sektorundakı ümumi enişlə yanaşı, şirkətin OpenAI-dəki payını girov qoyaraq ən azı 6 milyard dollar həcmində marja krediti cəlb etməkdə çətinliklərlə üzləşməsi səbəb olub. Bloomberg-in mənbələrinin məlumatına görə, danışıqlar dalana dirənib, lakin səbəbi açıqlanmır. SoftBank məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Yaponiyada həmçinin çip istehsalı avadanlıqları hazırlayan Advantest və Renesas Electronics şirkətlərinin səhmləri müvafiq olaraq 4,2% və 2% ucuzlaşıb.

Cənubi Koreyada KOSPI indeksinin tərkibində ən böyük paya malik iki şirkət — SK Hynix və Samsung Electronics — ciddi eniş yaşayıb. Onların səhmləri müvafiq olaraq 7,5% və 6,1% dəyər itirib.

Akkumulyator istehsalçısı LG Energy Solution-un səhmləri 3,6%, displey istehsalçısı LG Display-in səhmləri isə 7,6% ucuzlaşıb. KOSPI indeksi ticarətin bağlanışına doğru 4,5% azalaraq 7730,8 bəndə düşüb. Gün ərzində eniş maksimum 6,9%-ə çatıb.

Tayvanda da texnologiya şirkətlərinin səhmləri ucuzlaşıb. Dünyanın ən böyük müqaviləli çip istehsalçısı olan TSMC-nin səhmləri 2%, Apple-ın əsas təchizatçılarından biri olan Foxconn-un səhmləri isə 5,2% dəyər itirib.

CNBC-nin yazdığına görə, investorlar süni intellekt sahəsində fəaliyyət göstərən iri şirkətlərin IPO-ları ərəfəsində vəsaitlərini artıq birjada ticarət olunan texnologiya şirkətlərindən çıxarırlar.

İlon Maska məxsus SpaceX artıq 75 milyard dollar həcmində yerləşdirmə həyata keçirir və səhmlərinin Nasdaq birjasında ticarətinə iyunun 12-də başlanacağı gözlənilir. Süni intellekt sahəsində çalışan Anthropic və OpenAI şirkətləri də IPO üçün məxfi müraciətlər təqdim ediblər. CNBC qeyd edir ki, bu yerləşdirmələr investor kapitalını özlərinə cəlb etməklə texnologiya sektoruna əlavə təzyiq göstərə bilər.

Ortus Advisors şirkətinin strateqi Endryu Cekson hesab edir ki, texnologiya səhmlərindəki yüksək volatillik Asiya investorlarını müdafiə sənayesi şirkətlərinin səhmlərinə yönəldə bilər. Xüsusilə Yaponiyada hökumətin hərbi hazırlığa böyük diqqət ayırdığını nəzərə alan ekspert potensial fayda əldə edə biləcək şirkətlər kimi Mitsubishi Heavy Industries, Kawasaki Heavy Industries, IHI Corp. və Japan Steel Works-u göstərib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər