24 C
Baku
Wednesday, May 29, 2024

Assosiasiya Azərbaycana idxal olunan quş əti və yumurtanın əlavə rüsuma cəlb edilməsi üçün müraciət edib

Son aylarda yerli quşçuluq təsərrüfatlarına ciddi problem yaradan bir neçə fakt qeydə alınmaqdadır.

Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının hökumətə müraciətində qeyd olunur.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yerli istehsalçıları haqsız rəqabətdən qorumaq üçün damazlıq yumurta idxalına 10 sent əlavə rüsum təyin olunduqdan sonra bir sıra ölkələrdəki istehsalçılar ikili sxemlə ölkəmizə damazlıq yumurta və kəsim məqsədli 1 günlük cücə idxalına başlayıblar.

“Bu prosesdə Türkiyənin “Hastavuk” şirkəti xüsusilə fərqlənir. Belə ki, bu şirkət MDB üzvü olan Gürcüstanda fabrik quraraq, Türkiyədəki müəssisələrindən damazlıq yumurtadan cücə əldə edir və onu külli miqdarda olmaqla Azərbaycana idxal edir. Məlumdur ki, idxala əlavə rüsumlar MDB üzvü olan ölkələrdən idxala şamil olunmur. “Hastavuk” şirkəti bu amildən istifadə edərək, Azərbaycana külli miqdarda birgünlük cücəni Gürcüstan məhsulu kimi ucuz qiymətə idxal edir. Eyni zamanda Türkiyənin özündən birgünlük cücələr real qiymətindən daha ucuz dəyərlə ölkəmizə gətirilir”, – deyə məlumatda bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 6 ayında 5 milyon 752.31 min dollarlıq 9 milyon 964 min 657 ədəd çəkisi 185 qramdan çox olmayan diri ev toyuqları idxal olunub. Bunun 278 min 844 ədədi Rusiyadan, 4 milyon 797 243 ədədi Gürcüstandan, 14 min 80 ədədi İspaniyadan, 4 milyon 874 min 490 ədədi Türkiyədən idxal olunub. Türkiyədən idxalda cücənin biri 33 sentə, Gürcüstandan idxal olunanlar isə 52 sentə reallaşıb. Bundan əlavə, ölkəyə inkubasiya üçün mayalandırılmış yumurta idxalı da kütləvi hal almağa başlayır. Bu ilin 5 ayında belə idxal 8 milyon 468.12 min dollar dəyərlə 10 milyon 732.92 min ədəd təşkil edib. Bunun 5 milyon 702.28 min ədədi Türkiyədən, 2 milyon 508.84 min ədədi Belarusdan, 1 milyon 728 min ədədi Rusiyadan, 793.8 min ədədi Gürcüstandan gətirilib:

“Azərbaycanın quşçuluq təsərrüfatları üçün problem yaradan daha bir hal xaricdən böyük həcmdə quş əti idxalıdır. 2022-ci ildə ölkəmizə 34 min 750.54 ton, bu ilin 5 ayında isə 13 min 199.99 ton belə ət idxal edilib. Kiloqramı 2.3 manata reallaşan bu idxal yerli təsərrüfatların məhsullarının satışını məhdudlaşdırır, inkişaf üçün investisiya yatırımlarının qarşısını alır. Bu idxallar bazarda haqsız rəqabət mühiti formalaşdırmaqla yerli damazlıq yumurta istehsalçılarına böyük zərbə vurur. Hazırda yerli istehsalçılar Gürcüstandan və Türkiyədən külli miqdarda idxaldan yaranan rəqabətə davam gətirmək üçün öz məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif etməyə məcburdurlar. Bu isə uzun müddət davam edə bilməz və sonunda yerli istehsalçıların müflis olmasına gətirib çıxaracaq bir haldır. Yuxarıda da qeyd etdik ki, yerli quşçuluq müəssisələrinin daxili bazarı süfrə yumurtası ilə artıqlaması ilə təmin etmək imkanı var. Onlar hətta xarici ölkələrə ixraca da başlayıblar. Lakin əksər xarici ölkələrdə yerli istehsalı qorumaq üçün süfrə yumurtası idxalına müxtəlif hüquqi baryerlər yaradıldığına görə bizim istehsalçıların xaricə yumurta ixracı çox çətinliklə başa gəlir, bir çox hallarda proses yarımçıq saxlanılır. Məsələn, Gürcüstana yumurta ixrac etmək istəyən Azərbaycan istehsalçısından 16 adda sənəd tələb olunur. Onların arasında hətta istehsal prosesində iştirak edən personalın tibbi müayinə nəticələri də var. Azərbaycanda da dövlətimiz MDB-dən kənar ölkələr üçün süfrə yumurtası idxalına əlavə rüsum tətbiq edib. Lakin son aylarda ölkəmizə MDB üzvü olan Belarusdan külli miqdarda süfrə yumurtası idxal olunmağa başlayıb. Bu yumurtaların üzərinə Azərbaycan qanunvericiliyinin tələbinə zidd olaraq istehsalçı şirkət, istehsal tarixini əks etdirən möhür vurulmur. Yerli istehsalçılar bir yumurtanı möhürsüz satışa çıxardıqda külli miqdarda cərimə olunurlar. Lakin Belarusdan gətirilən yumurtalarla bağlı bu tələb gözlənilmir, buna görə heç kim cəzalandırılmır.

Bütün bu qeyd olunanları Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq Baş nazirin, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinin diqqətinə çatdıraraq, yerli istehsalçıların qorunması istiqamətində addımlar atılmasını xahiş etmişik. Bu addımlar kəsim məqsədli birgünlük cücə idxalının da əlavə rüsuma cəlb edilməsi, möhürsüz, istehsal tarixi göstərilməyən süfrə yumurtalarının idxalının qarşısının alınması, həmçinin toyuq əti və süfrə yumurtası idxalı üçün tələb edilən sənədlərin ən azı Gürcüstanla eyni saya çatdırılması və sair ola bilər. Ümid edirik ki, dövlətimiz yenə istehsalçıların yanında olacaq, onları haqsız rəqabət şərtlərindən müdafiə etmək üçün zəruri olanı edəcək”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər