Hazırda Bakıda hotel və ya mehmanxana tipli müəssisələrin doluluq səviyyəsi 15–20% civarındadır.
Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, həmçinin Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.
O, ötən aylarda da vəziyyətin bundan ciddi şəkildə fərqlənmədiyini bildirib:
“Yalnız iyul ayında məşhur müğənni Castin Timberleykin Bakıda verdiyi konsert turizm bazarında qismən canlanma yaradıb. Bu azalma, əsasən, Rusiyadan, MDB ölkələrindən və İsraildən gələn turistlərin sayının azalması, həmçinin ərəb ölkələrindən gələn axının yetərsiz olması ilə bağlıdır. Üstəlik, sərhədlərin bağlı qalması vəziyyəti daha da çətinləşdirir. Hazırda ölkədə 859 rəsmi yerləşmə vasitəsi mövcuddur və onların 320-si Bakıda yerləşir. Ümumilikdə 31 750 otaqdan 15 752-si və 67 376 çarpayıdan 28 995-i məhz Bakıda cəmləşib. Qeyd edim ki, hətta bu az miqdarda gələn turistlərin əsas hissəsi beşulduzlu böyük hotel və mehmanxanalara yönəlir və ən çox əziyyət çəkənlər kiçik və orta hotel tipli müəssisələrdir”.
S.Dübəndi oxşar mənzərənin bölgələrdə də müşahidə olunduğunu qeyd edib:
“Regionlardakı hotel və mehmanxanaların doluluq səviyyəsi də arzuolunan səviyyədə deyil. Burada yalnız iri hotel və mehmanxanaların nisbətən sabit doluluğu onlara mövqelərini qorumağa imkan verir. Kiçik və orta hotel tipli müəssisələr isə həm Bakıda, həm də regionlarda aşağı doluluq göstəriciləri ilə üzləşir. Bunun səbəbləri arasında daha öncə qeyd etdiyim amillərlə yanaşı, qısa müddətli mənzil icarəsi bazarının genişlənməsi də var. Bu seqment, xüsusilə kiçik və orta hotel və digər yerləşmə vasitələri üçün ədalətsiz rəqabət mühiti yaradıb”.
S.Dübəndi vurğulayıb ki, bu şəraitdə həm yeni xarici bazarlara yönəlmək, həm də daxili turizmi inkişaf etdirmək vacibdir:
“Daxili turizmin dəstəklənməsi ilə yanaşı, müxtəlif regionlar üçün cəlbedici təkliflər hazırlamaq, həmçinin kiçik və orta sahibkarları dəstəkləmək sektora kömək edə bilər. Ölkəmiz və turizm sənayemiz davamlı inkişaf prinsiplərinə sadiqdir. Bunun belə davam etməsi üçün alternativ gəlmə turizm bazarları daha geniş coğrafi məkanda tapılmalı, həmin ölkələrin vətəndaşları üçün onların səyahət vərdişləri, istək və gözləntilərinə uyğun turizm məhsulları hazırlanıb təklif edilməlidir. Eyni zamanda, beynəlxalq aeroportların fəaliyyət imkanları genişləndirilməli, yeni istiqamətlər üzrə birbaşa uçuşlar artırılmalıdır.
“Bütün bu reallıqlar fonunda yeni turizm inkişaf strategiyasının hazırlanması artıq qaçılmazdır. Bu strategiya mövcud çətinlikləri yalnız qısa müddətli tədbirlərlə deyil, həm də uzunmüddətli baxışla həll etməli, turizm sektorunun iqtisadi dayanıqlığını, mövsümdən asılılığını minimuma endirməyi, bazarların şaxələndirilməsini və ölkənin brend imicinin gücləndirilməsini təmin etməlidir. Yalnız belə bir yanaşma Azərbaycanın turizm sənayesinin rəqabət qabiliyyətini qorumağa və yeni inkişaf mərhələsinə çıxmasına imkan verəcək”, – deyə müsahibimiz əlavə edib.