Britaniyanın idman avtomobilləri istehsalçısı “Aston Martin” xərcləri azaltmaq məqsədilə işçi heyətinin 20%-dək hissəsini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Hazırda şirkətdə təxminən 3 min nəfər çalışır.
2025-ci ilin yekunlarına görə, istehsalçının xalis zərəri 363,9 milyon funt sterlinqə ($491,5 milyon) çatıb. Bir il əvvəl bu göstərici 289,1 milyon funt ($390,3 milyon) təşkil edirdi. Şirkət vəziyyətin pisləşməsini avtomobillərə tələbin azalması və ABŞ-ın idxal rüsumlarının mənfi təsiri ilə izah edib.
“Aston Martin” gözləyir ki, işçi sayının azaldılması sayəsində 40 milyon funtadək ($54 milyon) qənaət edə biləcək. İstehsalçı ixtisarların dəqiq vaxtını açıqlamayıb, yalnız “dəyişikliklərin əksəriyyətinin cari il ərzində baş verəcəyini” bildirib. Ötən ilin əvvəlində şirkət artıq 170 əməkdaşını ixtisar etmişdi.
İllik hesabatın və işçi qüvvəsinin azaldılması planlarının açıqlanmasından sonra “Aston Martin”in səhmləri 2% ucuzlaşıb.






