“Atəşgah Sığorta” ASC 2021-ci ili 328 min 108 manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə sığorta şirkətinin mənfəəti 3 milyon 349 manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 10.2 dəfə azalmadır.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ AZALIB
Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 25 milyon 340 min manat (illik müqayisədə 22.4% az), xərcləri 24 milyon 930 min manat (13% az), mənfəət vergisi ödəmələri isə 82 min manat (7.5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 39 milyon 666 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13% artaraq 23 milyon 559 min manata, balans kapitalı isə 1% artaraq 16 milyon 107 min manata çatıb.
Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.