“Ata Bank” və “Amrahbank”dakı əmanətlərin ödənişi nə vaxt başlayacaq?

“Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Hazırda əmanətçilər üçün aktual olan sual: kompensasiya almaq üçün hara və nə vaxt müraciət edilməlidir?

Hələ ki, sığorta hadisəsi baş verməmişdir. Bunu hüquqşünas Əhmədəli Məmmədov yazır.

Sığorta hadisəsi adları yuxarıda qeyd olunan bankların məcburi ləğv edilməsi və ya müflis elan olunması barədə məhkəmə qərarının qüvvəyə minməsi faktının Mərkəzi Bank tərəfindən təsdiq edilməsidir. Sığorta hadisəsinin baş verdiyi tarix Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (www.adif.az) göndərilən bildirişdə qeyd olunur.

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.

Kompensasiya almaq üçün qorunan əmanətçi yazılı ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etməlidir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir.

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.

Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər.