13 C
Baku
Tuesday, May 7, 2024

“AtaBank” kart əməliyyatlarını müvəqqəti dayandırıb

“AtaBank” ASC-nin kartları ilə əməliyyatlar texniki səbəblərdən müvəqqəti olaraq dayandırılıb.

Hazırda bankın bütün növ kartları ilə heç bir əməliyyat həyata keçirmək mümkün deyil. Bandan sözügedən məlumatı təsdiqləyiblər və problemin bir neçə gün ərzində həll ediləcəyini və əməliyyatların bərpa olunacağını bildiriblər. Bu barədə APA məlumat verir.

“Texniki nasazlıq səbəbindən hazırda kartlar aktiv deyil. Sabah günün ikinci yarısından yaxud maksimum gələn həftədən aktiv olmalıdır”, – deyə “AtaBank”dan bildirilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ötən həftə keçirilən mətbuat konfransında “AtaBank”da likvidlik, maliyyə dayanıqlığı problemlərinin müəyyən edildiyini açıqlayıb: “Bankda ciddi problemlər var. Biz təklifləri formalaşdırmışıq. AMB Maliyyə Sabitliyi Şurasına təkliflərini təqdim edəcək. Ümumilikdə, əmanəti olan əhali üçün heç bir qorxu yoxdur, əmanətlərin qorunması istiqamətində problem mövcud deyil. AMB bankın əmanətçilərinin vəsaitlərinə çıxış imkanını tez bir zamanda yaratmağa çalışır. Bununla yanaşı bankda qorunmayan əmanətlər də mövcuddur. Biz banka tövsiyə etdik ki, həmin şəxslərə bildiriş göndərilsin. “AtaBank” haqqında qərar Maliyyə Sabitliyi Şurası tərəfindən veriləcək. Düşünürük ki, bankın ödəniş qabiliyyətini itirməsi digər bank üçün reputasiya riski yaradır. Biz istəyirik ki, problem tez həll olunsun”.

Xatırladaq ki, “AtaBank” ASC-nin səhmləri hüquqi şəxs olan “Synergy Group” MMC-yə (86%) və fiziki şəxslərə (14%) məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər