“Atabank” və “Amrahbank”ın əmanətçiləri üçün mühüm: bu tarixdən ödənişlər başlayır

Məlum olduğu kimi, Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanununa uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Bu barədə Banker.az-a Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat daxil olub.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir.

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcəkdir.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

Mərhələ 1: 1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;

Mərhələ 2: 1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.  

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcəkdir.