İranla müharibə fonunda yanacaq qiymətlərinin artması nəticəsində dünya aviaşirkətlərinin əlavə xərcləri təxminən 100 milyard dollar təşkil edəcək. Bu barədə International Air Transport Association tərəfindən dərc olunan hesablamalarda bildirilir.
Əgər ötən il aviaşirkətlər yanacağa 252 milyard dollar xərcləyibsə, assosiasiyanın proqnozuna görə, bu il həmin xərclər 40% artaraq 350 milyard dollara çatacaq.
Yanacaq xərclərinin yüksəlməsi aviaşirkətlərin mənfəətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. IATA-nın proqnozuna əsasən, 2026-cı ildə sektorun ümumi mənfəəti təxminən 23 milyard dollar olacaq. Bu, 2025-ci ilin nəticəsindən (41 milyard dollar) və cari il üçün daha əvvəl verilmiş proqnozdan (45 milyard dollar) demək olar ki, iki dəfə azdır.
Bununla yanaşı, aviaşirkətlərin ümumi gəlirlərinin 9,4% artaraq 1,17 trilyon dollara çatacağı gözlənilir. Lakin bu artım yanacaq qiymətlərinin yüksəlməsini kompensasiya etməyəcək.
IATA-nın baş direktoru Uilli Uolş bildirib ki, “Yaxın Şərqdə müharibə ilə əlaqədar hava nəqliyyatında yaranan fasilələr və yanacaq qiymətlərinin artması aviaşirkətlər üçün proqnozları pisləşdirib”.
Onun sözlərinə görə, mövcud vəziyyət bazarın bütün iştirakçılarına mənfi təsir göstərsə də, ən çox Yaxın Şərq ölkələrinin daşıyıcıları və kiçik aviaşirkətlər zərər görür.






