Avronun əsas rəqibi – ABŞ dolları ilə müqayisədə məzənnəsi yaxın bir ildə 1,12-1,20 USD/EUR diapazonunda dalğalanmanı davam etdirəcək.
Yerli analitika qrupu bildirir ki, buna səbəb avronun möhkəmlənməsindən daha çox dolların zaman-zaman ucuzlaşması amili olacaq. Belə ki, dolların ucuzlaşması ABŞ iqtisadiyyatının sürətlənməsi ilə bərabər inflyasiyanın artmasına gətirib çıxaracaq. Bu da öz növbəsində ABŞ Federal Ehtiyat Sisteminə (FED) uçot dərəcəsini artırmağa davam etməsinə və monetar sərtləşdirmə həyata keçirməsinə zəmin yaradacaq.
Qeyd edək ki, dünən Sent-Luis ştatının FED rəhbəri Ceyms Bullard (James Bullard) və Minneapolisin FED rəhbəri Nil Kaşkari (Neel Kashkari) sentyabr ayında FED-in uçot dərəcəsini artırmayacağını, lakin monetar sərtləşdirmə proqramına başlayacağını bildirib. Monetar sərtləşdirmə FED-in balansını azaltması prosesinə başlaması ilə baş tutacaq. Xatırladaq ki, FED 2007-2009-cu illər maliyyə böhranı zamanı maliyyə bazarını likvidliklə təmin edərək böhrandan çıxmağa müvəffəq olub. Nəticədə, həmin dövrdə 4,3 trln. dollara yaxın istiqraz alaraq maliyyə bazarına nağd vəsait ötürüb.
Dolların məzənnəsinin müəyyən müddət nisbətən aşağı səviyyədə qalması isə ortamüddətli perspektivdə inflyasiyanı sürətləndirəcək və nəticədə, uçot dərəcəsi daha sürətli addımlarla artırılacaq. Bunun üçün isə təxminən 1 ilə yaxın müddət tələb olunur. FED-in uçot dərəcəsini 2,5-3%-dək artırması dövründə dollar ucuz, avro isə baha qalmağa davam edəcək. Daha sonra, təxminən 2019-cu ilin əvvəlindən avronun məzənnəsində kəskin azalma qeydə alınacaq, USD/EUR məzənnəsi paritetə qədər və daha aşağı enəcək.
Reportun analitik qrupu hesab edir ki, USD/EUR məzənnəsinin 2015-ci ilin yanvar ayında qeydə alınan 1,20 səviyyəsində olan kəskin azalma nəticəsində yaranan texniki boşluğu (gap) doldurduqdan sonra yenidən azalmağa başlayacaq. Bu boşluğun ötən il doldurulması gözlənilsə də, proses bir qədər uzanıb və böyük ehtimalla bu, cari ildə baş tutacaq. Yaxın 6 ayda məzənnənin 1,15-1,20 USD/EUR, sonrakı 6 ay ərzində isə 1,10-1,15 USD/EUR səviyyəsində olacağı və getdikcə paritetə doğru yaxınlaşacağı ehtimal edilir. FED-in uçot dərəcəsini artırması dünyada faizlərin yüksəlməsinə, likvidlik probleminin kəskinləşməsinə, xammal qiymətlərinin düşməsinə və maliyyə böhranına gətirib çıxaracağı gözlənilir.