11 C
Baku
Sunday, November 17, 2024

Avrokomissiya Azərbaycan qazının Bolqarıstana tranziti üçün boru kəmərinin işə salınmasını sürətləndirməyə çağırır

Avropa Komissiyası bütün maraqlı tərəfləri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tezliklə işə salınması üçün lazımi addımları sürətləndirməyə çağırır.

Bunu Avropa Komissiyasının nümayəndəsi bildirib.

Qeyd edək ki, bu yaxınlarda Rumıniyanın keçmiş energetika naziri Razvan Nikolesku Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsona Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınmasının sürətləndirilməsi üçün tədbirlərin görülməsi xahişi ilə məktub göndərib.

“Biz məktubun alındığını təsdiq edə bilərik və vaxtı gəldikdə cavab verəcəyik. IGB Aİ üçün ümumi maraq kəsb edən layihədir və biz onu Cənub-Şərqi Avropada enerji təchizatını diversifikasiya etmək və daxili bazarda enerji təchizatını gücləndirmək üçün lazım olan infrastrukturun mühüm elementi hesab edirik. Beləliklə, biz bütün maraqlı tərəfləri IGB-nin tez bir zamanda işə salınması üçün lazımi addımları sürətləndirməyə çağırırıq”, – Avropa Komissiyasının nümayəndəsi bildirib.

O əlavə edib ki, təşkilat əvvəldən bu layihəyə siyasi və maliyyə dəstəyi verib.

“IGB Avropa Enerji Bərpa Proqramından 45 milyon avro və Struktur Fondlardan 39 milyon avro alıb. Komissiya layihə şirkəti ilə, eyni zamanda tənzimləyici orqanlar, Bolqarıstan və Yunanıstan hökumətləri ilə müntəzəm əlaqə saxlayıb. İndi biz layihənin son mərhələlərini, o cümlədən sertifikatlaşdırma ilə bağlı prosesləri yaxından izləyirik”, – Avropa Komissiyasının nümayəndəsi bildirib.

Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər