Avro dollar qarşısında ilin minimumlarına yaxın səviyyədə ticarət olunur. Valyutaya həm qlobal enerji şoku, həm də Avropada artan siyasi risklər təzyiq göstərir.
Banker.azxəbər verir ki, avro avqustda 1,20 dollara yaxınlaşsa da, sentyabrda təxminən 2% ucuzlaşaraq 1,14 dollardan aşağı, son iki ayın minimumuna enib. Son qiymət təxminən 1,137 dollar olub.
Dolların möhkəmlənməsinə ABŞ Federal Ehtiyat Sisteminin faiz artırması və inflyasiya ilə mübarizədə daha sərt mövqeyi təsir edib. Avronun vəziyyətini isə yüksək enerji qiymətləri və siyasi qeyri-müəyyənlik çətinləşdirir.
Niderlandın bank qrupu “Rabobank”ın valyuta strategiyası üzrə baş mütəxəssisi Ceyn Foli Avropa iqtisadiyyatının mövcud dayanıqlığının qış boyunca davam edib-etməyəcəyini sual altına alıb. Onun 3 aylıq EUR/USD proqnozu hazırda 1,16 dollar olsa da, bu göstəriciyə yenidən baxılır.
Almaniyada son regional seçkilərdə ifrat sağın güclənməsi kansler Fridrix Mertsin islahat planlarına təzyiq yaradır. Fransada isə yüksək dövlət borcu və 2027-ci il prezident seçkiləri ərəfəsində siyasi dalan investorların narahatlığını artırır.
Fransanın 10 illik istiqrazlarının Almaniya istiqrazlarına qarşı risk mükafatı 110 baza bəndini keçib. ABŞ-ın “Bank of America”sının valyuta strateqləri hesab edir ki, bu fərqin hər əlavə 10 baza bəndi genişlənməsi EUR/USD məzənnəsini təxminən 0,4% aşağı sala bilər.
Qaz qiymətləri avro üçün əsas riskdir
İran müharibəsi Hörmüz boğazından LNG daşımalarını məhdudlaşdıraraq Avropada qaz qiymətlərini 80 avro/MVt·saatdan yuxarı qaldırıb. Bu, 2022-ci ilin sonundan bəri ən yüksək səviyyədir.
Böyük Britaniyanın aktivlərin idarə edilməsi şirkəti “RBC BlueBay Asset Management”in portfel meneceri Kaspar Hense qazın 85–100 avro diapazonunda qalacağı halda avronun 1,12 dollara qədər zəifləyə biləcəyini bildirib.
Niderlandın bank qrupu “ING” isə neftin 115 dollara yüksəlməsinin avroya əlavə təzyiq yaradacağını qeyd edir. Bununla belə, bank ilin sonu üçün EUR/USD üzrə 1,16 dollar proqnozunu saxlayır.









