Avropa Birliyi Şurası Belarusa qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Bildirildiyi kimi, ilk növbədə ölkənin neft və kalium istehsalı sənayesi zərər çəkib.
Qərar insan hüquqları pozuntularına, vətəndaş cəmiyyətinin repressiyasına və “Ryanair” təyyarəsinin təcili eniş etməsinə cavab olaraq qəbul edilib.
AB-nin sanksiyalarına aiddir:
– internetdə məlumatları toplayan texnologiya və avadanlıqların tədarükünün qadağan edilməsi;
– Avropa Birliyinin kapital bazarına girişin bağlanması;
– respublikanın bütün proqramlarının Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilməsinə xitam verilməsi;
– kalium xlorid, neft-kimya məhsulları, tütün sənayesi üçün xammal və avadanlıq ticarətinin qadağan edilməsi.
AB Şurasının açıqlamasında məhdudiyyətlərin 2020-ci ilin oktyabrından tətbiq edildiyi göstərilir. Sanksiyalar 166 fiziki və 15 hüquqi şəxsə şamil edilir.
Xatırladaq ki, iyunun 21-də AB Şurası Minskdə “Ryanair” təyyarəsinin təcili enişinə görə Belarusa qarşı sanksiyaların müddətini uzadıb. Siyahıya Belarusun prezidenti Aleksandr Lukaşenkonun oğlu Dmitri də daxil olub. Sanksiyalara həmçinin İngiltərə, Kanada və ABŞ da qoşulub.