12 C
Baku
Wednesday, December 11, 2024

Avropa enerji böhranı ilə bağlı hansı tədbirlər görür?

Rusiya və Ukrayna arasındakı müharibə Aİ-na üzv olan bütün dövlətləri etibarlı enerji təchizatı haqqında düşünməyə vadar edib. Azərbaycanın enerji mənbələri, xüsusən də təbii qaz ixracı Avropanın Rusiyadan aldığı qaz həcmləri ilə rəqabət apara bilməsə də, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin etmək baxımından olduqca əhəmiyyətlidir. Xüsusilə təbii qazın bahalaşması və Avropanın Rusiya qazından asılılığı azaltmaq səyləri fonunda Azərbaycanın Avropa enerji bazarları üçün alternativ enerji mənbəyi kimi çıxış etməsi Avropa tərəfindən yüksək qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, rəsmi Kiyev və Moskva arasındakı gərginlik davam edir və bu müstəvidə Rusiya tərəfi hər zaman Avropa üzərində enerji resurslarından istifadə edərək, geosiyasi cəhətdən üstünlük qazanmağa çalışıb. Rəsmi Moskvanın təbii qaz təchizatı üzrə Avropa İttifaqı üçün kəskin açıqlamaları, habelə Şimal Axını qaz kəmərlərində baş vermiş partlayışlar nəticəsində, Avropa ölkələrinin alternativ enerji mənbələrinə və istehsalçı ölkələrə üz tutmasına səbəb olub. Nəticə etibarı ilə, Aİ-nın enerji siyasətini yeni, alternativ enerji mənbələrinə yönəltməsi prosesini sürətləndirir. Mövcud situasiyada Avropanın Rusiyadan ildə 155 milyard kubmetr təbii qaz idxal etdiyini nəzərə alsaq, ABŞ tərəfindən təklif olunan 15 milyard kubmetrlik təklif planının mövcud tələbatı qarşılamadığı və əlavə 140 milyard kubmetr təbii qaza ehtiyac olduğu görünür.

Ümumi bazar payına nəzər saldıqda 2016-cı ilin aprel ayından etibarən Aİ ABŞ-dan təqribən 64 milyard kubmetr LNG idxal edib. Yalnız 2022-ci il yanvar ayında isə 4.4 milyard kubmetr LNG Avropaya çatıb. Bu, Aİ-nın ümumi idxalının 44%-nə bərabərdir. Co Baydenin Rusiyanın Avropaya qac ixracını dayandıracağı təqdirdə önə sürdüyü təkliflər planı Aİ gündəmində aktuallığını qorusa da, reallığa uyğun hesab edilmir. “Financial Times” qəzetinə istinadən təqdim olunan təkliflər planını aşağıdakı kimi təsvir etmək mümkündür:

  • Qısa müddətli plan – ABŞ-dan ildə 15 milyard kubmetr LNG ixracı;
  • Orta müddətli plan – Avropanın 2030-cu ilə qədər LNG ixracına uyğun, sistematik təbii qaz bazarı yaratması;
  • Uzunmüddətli plan – Rusiyadan enerji asılılığını azaltmaq üçün Avropanın təmiz enerjiyə keçidi prosesinin sürətləndirməsi.

Xüsusilə qeyd etmək lazımdır ki, Rusiyanın bu yaxınlarda təbii qaz axınını dayandırmasından sonra, Avropa təbii qaz qiymətləri altı ayda təxminən 35% artdı və elektrik enerjisi qiymətlərində də artım müşahidə olundu. Aİ-nin enerji nazirlərinin bütün Aİ ölkələrinin 2016-2021-ci illər arasında orta illik istifadə ilə müqayisədə qazdan istifadəni könüllü olaraq 15% azaltması ilə bağlı əvvəlki çağırışı qış mövsümünə qədər qaz anbarlarının yaradılması prosesi ilə yanaşı, enerji alternativlərinin axtarışı prosesini də sürətləndirmiş oldu. Beynəlxalq bazarda artan təbii qaz qiymətləri Böyük Britaniyanın də gündəmində mühüm yer tutur. Böyük Britaniyanın Rusiyadan illik enerji idxalı 4,4 milyard funt sterlinq dəyərindədir. Belə ki, Rusiyanın enerji xəttinin bağlanması Avropa hökumətlərinə dərhal təsir etməsə belə, əhali və bir çox biznes yanacaq almaqda problemlərlə üzləşəcək. Xatırladaq ki, Liz Tras yeni baş nazir postuna gəldikdən sonra Britaniya funtu 1,1444 dollara bərabər oldu. Bu, Covid-19-un başlanğıcından bəri demək olar ki, ən aşağı valyuta dəyəridir. Britaniya hökuməti artıq Böyük Britaniya Şimal dənizində yeni qaz və neft yataqlarının istismarı üçün lisenziyalar verəcəyini açıqlayıb. Bundan əlavə də qiymətlərin qalxmasına baxmayaraq, insanlar qaz və işıq pulları üçün dövlət yardımı ilə bağlı əlavə 400 funt sterlinq alacaqlar.

Avropanın digər mühüm dövləti olan Almaniyada da Rusiyadan idxal olunan qaz az xərc daxilində işləyən və rəqabət qabiliyyəti olan sənayelərə uzun müddət böyük fayda verib. Buna görə də təbii qaz, nisbətən az karbon emissiyası istehsalını, həm də, nüvə enerjisinin mərhələli şəkildə dayandırılmasını təmin edən “körpü texnologiyası” olaraq qəbul olunur. Qeyd etmək lazımdır ki, Rusiyanın Ukrayna işğalına başladığı dönəmdən etibarən, Almaniya idxal etdiyi qazın həcmini 55%-dən 35%-ə qədər azaltmışdır. Buna baxmayaraq, hələ də enerji alternativi axtarışındadır. Hazırki vəziyyətdə, yaranan enerji böhranına qarşı Alman hökuməti kömür və atom elektrik stansiyalarını yenidən işə sala biləcəyini vurğulayır. Eyni zamanda, vətəndaşlara enerji istifadəsinə qənaət etmələri çağırışı edilərək, ictimai binaların maksimum 19 dərəcəyə qədər qızdırıla biləcəyinə qərar verilib. Bu arada, Rusiyadan idxal etdiyi təbii qazı əvəzləməkdə çətinlik çəkən ölkələr sırasına Niderland, Belçika və Norveçi də əlavə etmək olar. Fransanın da təbii qaz ixrac şirkəti “GRTgaz”-dan verilən yazılı açıqlamada şirkətin Fransadan Almaniyaya təbii qaz ixracı üçün yeni tutumların inkişaf etdirilməsi ilə bağlı öz şəbəkəsini uyğunlaşdırmağa çalışdığını və oktyabrın ortalarından etibarən Berlinə daha çox qaz nəql edəcəyini açıqlayıb. Qeyd olunmalıdır ki, Fransa 90% tutuma sahib olan mayeləşdirilmiş qaz terminallarını (LNG) 94%-ə çatdırmağı hədəfləyir. Mətbuat konfransına əsasən əhalinin enerji qənaətinə uyduğu təqdirdə heç bir kəsinti olmayacağı, digər ssenaridə isə, Aİ ilə olan əməkdaşlıqla bu problemin də üstəsindən gələcəkləri bildirilir. Baş nazir Borne Fransanın LNG terminallarının Aİ üçün önəmini hər fürsətdə vurğulayır. Nəticə etibarilə, avropalı tərəfdaşlara onlardan alınan elektrik enerjisi qarşılığında Fransanın qaz ixrac edə biləcəyi barədə əminlik vermişdir. Fransanın Energetika naziri Pannier-Runacher 2022-ci ilin 10 oktyabr tarixində enerji qənaəti ilə bağlı maarifləndirmə kompaniyası başladılacağının da proqnozunu verir.

Vurğulamaq lazımdır ki, hazırda davam edən enerji böhranının ortasında Aİ-nın ABŞ, Qətər, Əlcəzair, BƏƏ və s.-dən LNG alması vacib planıdır. Lakin Avropa LNG mənbələri bütün Avropanı əhatə edə bilməz, bu səbəbdən də Cənub Qaz Dəhlizinin önəmi xüsusən də Cənub-Şərqi Avropa ölkələri üçün olduqca əhəmiyyətlidir.

2020-ci ilin dekabrında Azərbaycan Cənub Qaz Dəhlizi (CQC) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Azərbaycan qazının Aİ-nin ümumi qaz idxalında payı 2 faizdən az olsa da, bu, Şərqi Avropadakı bəzi idxalçılar üçün strateji əhəmiyyət kəsb edir. Qeyd etməliyik ki, Avropanın Rusiyadan qaz asılılığını azaltmaq səyləri fonunda Azərbaycanın qaz ixracına alternativ kimi baxılır. Məsələn, Beynəlxalq Enerji Agentliyinin təklif etdiyi Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün on bəndlik planda bu kontekstdə alternativ mənbə kimi, Azərbaycan da yer alır. Azərbaycan qazının ixracını artırmaq imkanlarını araşdırmaq üçün son həftələrdə Avropa rəsmiləri ilə Azərbaycan hökuməti arasında intensiv danışıqlar baş tutub. Belə ki, cari ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədə əsasən 2027-ci ilə qədər Azərbaycan Avropaya təbii qaz hasilatını ən azı 20 milyard kubmetrə çatdıracaq. Tərəflər arasında Memorandum Brüssel və Bakı arasında əməkdaşlıq üçün yeni dövr açmış olur. Avropa da başa düşür ki, Cənub Qaz Dəhlizi, xüsusilə Avropaya təbii qaz təchizatının şaxələndirilməsi üçün əhəmiyyətli mənbədir. Bundan başqa da Avropa və Azərbaycan arasında yaşıl hidrogenin generasiya potensialının, nəqlinin və ticarətinin inkişafı istiqamətində də danışıqlar aparılır. TAP rəsmiləri hidrogenin Avropaya nəqli variantlarını dəyərləndirirlər. Gələcəkdə bunun həyata keçməsi ilə TAP kəməri təkcə təbii qazı deyil, həm də hidrogeni nəql edəcək və bu hal Avropa üçün strateji və iqtisadi əhəmiyyət kəsb edir.

Avropa ölkələri ilə Azərbaycan arasında digər mühüm görüş oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində baş tutub. Bələ ki, bu tarixdə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib. Layihənin rəsmi açılışı ilə paytaxt Sofiyada Bolqarıstan Prezidenti Rumen Radev, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya prezidenti Aleksandr Vuçiç, Şimali Makedoniya prezidenti Stevo Pendarovski, Yunanıstan baş naziri Kiryakos Mitsotakis, Rumıniya, Baş nazir Nikolae Çuka və Bolqarıstanın Baş naziri Gilib Donev iştirak ediblər. Sözükeçən mərasimdə Bolqarıstan və Yunanıstan arasında inşa edilən və Azərbaycan təbii qazının nəqlini təmin edəcək interkom xətti də istifadəyə verilib. Əsası 13 il əvvəl qoyulan 182 kilometr uzunluğundakı boru xəttinin tikintisi Rusiyanın Ukraynaya müharibə elan etməsi və Bolqarıstana təbii qaz axınını dayandırdıqdan sonra Aİ-nın ayırdığı 250 milyon avroluq maliyyələşdirmə sayəsində qısa müddətdə başa çatdırılıb. IGB xüsusilə də Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyətə malikdir. Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qaz bu birləşdirici xətt vasitəsilə Bolqarıstana nəql olunacaq. İllik ötürmə gücü 3 milyard kubmetr olan boru kəməri sayəsində ilkin etapda Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının təxminən 30 faizini ödəyəcək. Bolqarıstanın 2022-ci il iyulun 1-dən Azərbaycandan təbii qaz alışına başlaması Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

IGB Bolqarıstan üçün təbii qazın tədarükü mənbələrinin, eləcə də marşrutlarının şaxələndirilməsini təmin edəcək ki, bu da ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Eyni zamanda, bu interkonnektorun mövcudluğu faktı Azərbaycanın mövqeyini daha da gücləndirir. Eləcə də Bolqarıstan IGB layihəsinin işə düşməsi ilə regionda enerji mərkəzinə çevrilmək istəyir, çünki Serbiya, Rumıniya, Şimali Makedoniya və s. dövlətlər də Azərbaycan təbii qazının alışında olduqca maraqlıdırlar. Cənub-Şərqi Avropa üçün TAP Xorvatiya, Albaniya, Monteneqro və Bosniya və Herseqovina bazarlarına qoşulmaq üçün planlaşdırılan İon Adriatik Boru Kəmərinə (IAP) çıxış nöqtəsinı də təmin edə bilər.

 

 

 

Son xəbərlər
Digər xəbərlər