Dünyanın ən yaxşı 20 fond bazarı arasında bu il hər ikinci indeks Avropa indeksidir. Bu region avrozonanın yaradılmasından bəri belə nəticəni cəmi üç dəfə əldə edib (2004, 2015 və 2023-cü illərdə). Yüksək göstərici investorların Avropaya olan etimadının bərpa olunduğunu əks etdirir. 2025-ci il ticarətlərinin bitməsinə bir ay qalmış Macarıstan, Sloveniya və Çexiya bazarları dollar ifadəsində 60%-dən çox artaraq dünyanın ən yaxşı on bazarı sırasına daxil olub. İspaniya, Polşa və Avstriya bir qədər geri qalsa da, regionun ən böyük bazarlarından biri olan Almaniya avro ilə 20%, dollarla isə 34% yüksəlib.
Bəzi investorlar Avropanın perspektivlərinin daha da yaxşılaşacağını bildirirlər. burada inflyasiya ABŞ-dən aşağıdır, bu isə Avropa Mərkəzi Bankına (ECB) faiz dərəcələrini ABŞ Federal Ehtiyatlar Sistemindən (FED) daha sürətli endirməyə imkan verir. Almaniya “fiskal əyləci” aradan qaldırmağa hazırlaşır və proqnozlara görə korporativ mənfəət bərpa oluna bilər.
“Bank of America”nın son aylıq sorğusu göstərir ki, investorlar indi Avropa səhmlərində orta hesabla “overweight”, ABŞ səhmlərində isə “underweight” mövqedədirlər. “İlin əvvəlində investorlar Avropada mümkün ralliyə son dərəcə skeptik yanaşırdılar”, — deyə “Bank of America”nın beynəlxalq səhmlər üzrə rəhbəri Nik Loks bildirib və əlavə edib ki, gələn il Avropanın daha da qabaqlaması üçün potensial qalmaqdadır.
Donald Trampın başladığı yeni ticarət müharibəsinin bazarları silkələdiyi bir ildə, gəlirin böyük hissəsini daxili tələbdən qazanan İtaliya və İspaniya kimi Avropa bazarları investorların sevimlisinə çevrilib. Avropanın “AI ticarəti”ndən nisbətən az asılılığı da ABŞ-də yeni texnoloji “köpük” qorxusu fonunda regiona üstünlük qazandırdı. Artımın əsas drayveri banklar, müdafiə sənayesi və bərpa olunan enerji sektoru olub.
Almaniya və Fransa indeksləri nisbətən aşağı mövqelərdə — müvafiq olaraq 34-cü və 53-cü yerlərdə olsalar da, onlar yenə də S&P 500-dən xeyli öndədirlər. S&P 500 dollar ifadəsində “Bloomberg”in izlədiyi 92 qlobal indeks arasında cəmi 63-cü yeri tutur. Avropanın yaxşı dinamika göstərməsinin daha bir səbəbi avronun möhkəmlənməsidir: valyuta il ərzində ABŞ dollarına qarşı 12% bahalaşıb. Buna Almaniyanın müdafiə və infrastruktur layihələrinə milyardlarla avro xərcləmə vədləri təkan verib. S&P 500 isə 2025-ci ildə 16% artaraq ardıcıl üçüncü il iki rəqəmli yüksəliş nümayiş etdirib.







