Avropa İnvestisya Bankının keçmiş prezidenti ilə bağlı araşdırma başladılıb.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, ağır maliyyə cinayətlərinin təhqiqatı ilə məşğul olan Aİ prokurorları Avropa İnvestisiya Bankının keçmiş prezidenti Verner Hoyer ilə bağlı araşdırmalara başlayıb.
Avropa Baş Prokurorluğu verdiyi açıqlamada “korrupsiya və nüfuzdan sui-istifadədə, habelə Aİ vəsaitlərinin mənimsənilməsində şübhəli bilinən iki şəxsin” araşdırıldığını bildirib.
Ötən ilin sonunda Bankın prezidenti vəzifəsindən istefa verən Verner Hoyer korrupsiya işi ilə üzləşdiyini vəkili vasitəsilə “Politico”ya təsdiqləyib.
Hoyer hər hansı bir qanun pozuntusunu rədd edib. “Mənə qarşı irəli sürülən ittihamlar tamamilə absurddur və əsassızdır”, Verner Hoyer “Politico”ya yazılı açıqlamasında bildirib.